BİZNES

30 Avqust

TRACECA-da dəmir yolu ilə daşımalar 25%-dən çox artıb

2020-ci ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarının Azərbaycan üzrə gəlirləri məlum olub. 
Fins.az xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 102 milyon 926,6 min manat gəlir əldə edib.
Hesabat dövründə Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 34 milyon 150,5 min manat təşkil edib.  
TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 21 milyon 687,1 min ton yük daşınıb. Tranzit yüklərin həcmi isə 6,8% artaraq 4 milyon 332 min tona yüksəlib.

Qeyd edək ki, bu dəhliz üzrə 2020-ci ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə yükdaşımaların ümumi həcmi 4% artaraq 6 milyon 515.1 min ton təşkil edib. 
Tranzit yükdaşımalarda isə dəmir yolu ilə daşımaların həcmi 25,3 % artaraq 2 milyon 255,3 min ton təşkil edib. 

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmiryolunun da qoşulduğu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyə qədər hərəkət edən ən uzun qatar apreldə Bakıya çatıb. 940 metr uzunluğunda və 82 konteynerdən ibarət olan qatarda Türkiyədə istehsal olunan ixrac məhsulları daşınıb. Daşımanın Azərbaycan, Türkmənistan və Özbəkistan üzərindən operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.