Mərkəz tərəfindən verilən məlumata görə, Ceyhun Mustafayev mərkəzin Anbar Logistikası üzrə icraçı direktor vəzifəsinə təyin olunub.
Fins.az xəbər verir ki, Ceyhun Mustafayev Abşeron Logistika Mərkəzində 3PL (Third Party Logistics) xidmətinin tətbiqi, 3PL xidməti üzrə gömrük, anbar əməliyyatlarının, beynəlxalq daşımaların, əlavə dəyər xidmətlərinin effektiv idarə edilməsinə rəhbərlik edəcək.
Qeyd edək ki, Ceyhun Mustafayev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr pillələri üzrə təhsil alıb. O, bir sıra tanınmış şirkətlərdə kommersiya müdiri, əməliyyatlar departamentinin müdiri və digər rəhbər vəzifələrdə çalışıb.
O, tədarük zəncirinin, logistik əməliyyatların və müştəri məmnuniyətinin effektiv idarə edilməsi, WMS (Warehouse Management Service), çarpaz yükləmə (cross docking) sistemlərinin anbarlarda tətbiqi, satınalmanın planlanması, xüsusilə də 3PL xidmətinin təşkil olunmasında peşəkar təcrübəyə sahibdir.