BİZNES

27 Avqust

Gömrük Komitəsi: Qərar qanuni idxalla məşğul olan sahibkarlara dəstəkdir

Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də xaricdən gömrük ödənişi olmadan poçt və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslərin gətirdiyi mallar üçün nəzərdə tutulan 1000 dollarlıq güzəştli limitin 300 dollara endirilməsi qərarıdır.

Tənqidlərə səbəb olan Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən limit səviyyəsinin 2-3 dəfə azaldılmasının ölkə iqtisadiyyatına verəcəyi müsbət töhfələri kölgədə qoymaq olmaz.

Belə ki, şəxsi sifarişlə gələn məhsulların bir qismi satışa çıxarılır və nəticə etibarı ilə həmin məhsulların vergiyə cəlb edilməsi mümkün olmur. Bu da dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxaran amillərdən biri kimi qeyd olunmasına səbəb olur.

Limitin azaldılmasını yaradan səbəblər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na zaman-zaman müvafiq dəyişikliklər edildiyi barədə məlumat verən Dövlət Gömrük Komitəsinin mətbuat xidməti bu dəyişikliklərin hansı zəruriyyətdən yaranması ilə bağlı fins.az-a açıqlama verərək bildirib ki, həmin qərara son dəyişikliklər isə 21 avqust 2020-ci il tarixdə həyata keçirilib. Dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 800 ABŞ dollarına, poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar görə müəyyən edilmiş güzəşt limiti 300 ABŞ dollarına endirilib. Sosial yönümlü olan bu qərarda qaçaqmalçılığa qarşı mübarizənin daha effektiv aparılması üçün müəyyən sərtləşdirmələr mövcuddur. Lakin ölkənin fiskal siyasətinin həyata keçirilməsinə cavabdeh qurumlardan biri kimi Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə əlavə vəsaitlərin toplanması da bu qərarla mümkün olacaq. Dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilmə limiti bugünkü qaydalarla 800 ABŞ dolları həcmində müəyyənləşdirilib. 2013-cü ildəki qərarla bugünkü dəyişiklikləri müqayisə etsək, o zaman fiziki şəxslər üçün nəzərdə tutulan 1500 dollar limiti manat ekvivalenti ilə 1160 manat təşkil edirdi. Yəni alıcılıq qabiliyyəti ilə 2013-cü ildə 1160 manat təşkil etdiyi halda bugünkü 800 dollar limiti 1360 manat ətrafındadır. Bu da 200 manata qədər əlavə artım deməkdir. Bütün qərarlar, normativ sənədlər məlum devalvasiyalar olduqdan sonra ona uyğunlaşdırılmışdır. 2013-cü illə 2020-ci il arasında, manat ifadəsi ilə alıcılıq qabiliyyətində heç bir dəyişiklik baş vermir. Aparılan genişmiqyaslı islahatlar - “kölgə iqtisadiyyatı”na qarşı mübarizə, şəffaflığın təmin olunması istər gömrük qanunvericiliyində, istərsə də digər qanunvericiliklərdə bu kimi qaydaların yenidən işlənməsi, onlara düzəlişlər edilməsi zərurətini yaradır. Hökumətin müvafiq qurumları ilə birgə müzakirəsi aparılan və razılaşdırılan bu dəyişikliklər zamanın tələbi ilə aparılan islahatların mövcud qanunvericilikdə təzahürüdür. Mövcud pandemiya şəraitində gömrük-sərhəd keçid məntəqələrində fiziki şəxslərin gediş-gəlişinin də olmadığını, qərarın imzalandığı andan 30 gün sonra qüvvəyə minməsini də nəzərə alsaq vətəndaşların bu qaydalarla yaxından tanış olmasına geniş imkanlar var.

Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd edilir

Təbii ki, vergidən yayınma halları ilə bağlı cərimələrə yenidən baxılması və məbləğlərin dəyişdirilməsi, eləcə də digər inzibati qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Bu səbəbdən də dövlət qurumları o cümlədən Dövlət Gömrük Komitəsi müəyyən iqtisadi təhlillər apararaq qanunvericilikdə məqsədəuğun dəyişikliklər edilməsi tövsiyəsi ilə çıxış edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə bu baxımdan aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə, həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb. Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu. Bundan əlavə, fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonların daimi olaraq qaçaqmal şəklində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı. Diqqətə onu da çatdıraq ki, sadəcə administrativ qaydada aparılan tədbirlər nəticəsində mobil telefonların idxalı nəzarətə götürülərək 70 milyon manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu isə təkcə bir mal mövqeyində əldə olunan nəticələrdir.

Qərar qanuni idxalla məşğul olan sahibkarlara dəstəkdir

Sözügedən dəyişikliklərin kiçik və orta bizneslə məşğul olan sahibkarların fəaliyyətinə birbaşa mənfi təsir göstərəcəyi iddialarına cavab olaraq komitədən bildirilib ki, bu yanaşma tamamilə yanlışdır. Əksinə, məlum qərar qanuni idxalla məşğul olan sahibkarlara dəstəkdir. Məqsədimiz bütün mal mövqeləri üzrə hər bir vətəndaşın malını rəsmiləşdirmədən sonra proses olaraq əməliyyat tədbirləri keçirib nəzarətə götürmək, bunu kütləvi hal şəklinə salmaqdan ibarət deyil. Biz daha çox inzibati qaydada tənzimlənmənin tərəfdarıyıq. Qərarda müvafiq limitlərin 800 və 300 ABŞ dollarına endirilməsinin əsas mahiyyəti və səbəblərindən biri də budur. Bəzi vətəndaşlar mövcud limitlərin azaldılmasından narazılıq ifadə edirlər. Fiziki olaraq azalma həyata keçirilib. Lakin qərar bu gün maraqlı tərəflərə deyil, sosial ehtiyacı olan insanların rifahına yönəlib. Dörd nəfərdən ibarət bir ailə ölkə ərazisinə 5440 manat məbləğində şəxsi istifadə üçün ayda 1 dəfə mal və məhsullar gətirə biləcək ki, bu da yetərincə bir ailə üçün normaldır. Qərarın vergitutma bazasının müəyyənləşdirilməsinə də diqqət yetirsək görərik ki, bu proseslərdə təxminən 70-100 milyon manat arasında vəsait dövlət büdcəsindən yayınır. Bu yayınmalar məhz qaçaq yolla fiziki şəxslərin adlarından istifadə edərək ölkəyə idxal olunan məhsullardan qaynaqlanır. Aparılan araşdırmalar zamanı məlum olub ki, hətta dünyasını dəyişən insanların adlarına məhsullar idxal edilib.

Dünyada necədir

Qərarı şərh edən bir çox iqtisadçı – ekspertlər dünya standartlarının daha əlverişli və daha yaxşı olduğunu bildirir. Hətta sözügedən düzəlişlərin dünya ölkələrinin təcrübəsinin əleyhinə olduğunu qeyd edənlər də az deyil .Gömrük Komitəsi bu qərar qəbul edilərkən beynəlxalq təcrübə nəzərə alındığını qeyd edərək bu iddiaların yalnış olduğunu bildirir. Komitənin açıqlamasında bildirilir ki, Məsələn, Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir. Dünya praktikasına nəzər yetirdikdə, fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür.

Açıqlamada həmçinin “Həmin güzəşt məbləğinin, məsələn, Rusiya Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur. Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.” -deyə qeyd edilir.

Müəllif:Aynur Qəniyeva