Bu gün Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci Beynəlxalq Konfransı (“COIA-2020”) onlayn formatda işə başlayıb.
Nazirlikdən fins.az-a verilən məlumata görə, üç gün davam edəcək konfransın təşkili tədqiqatçıların və tələbələrin fikirlərini bölüşməsi, son nəticələri müzakirə etməsi üçün sənaye mütəxəssisləri ilə görüşə biləcəyi bir ortam təmin etmək məqsədi daşıyır.
“COIA-2020” “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” mövzularını əhatə edir.
İdarəetmə və optimallaşdırmanın bütün aspektləri plenar görüşlərdə tanınmış alimlər tərəfindən təqdim ediləcək.
Konfransın saytında (www.coia-conf.org) dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib. Redaksiyaya 300-ə qədər məqalə daxil olub, rəy prosesindən sonra 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil edirlər.
Beynəlxalq konfrans haqqında ətraflı məlumatı www.coia-conf.org saytından əldə etmək mümkündür.