BİZNES

26 Avqust

DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır

"Vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər".

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov gömrük güzəşti ilə bağlı dəyişiklikdə qeyd olunan "ayda bir dəfə" məsələsini "APA-Economics"ə şərh edərkən bildirib.

"Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərə əsasən qərarın 2.1.4-cü yarımbəndində beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən dedikdə, yəni vətəndaş tərəfindən bəyannamənin bir dəfə verilməsi  nəzərdə tutulur. Əgər vətəndaş  ay ərzində bir dəfə deyil, bir neçə dəfə 300 ABŞ dolları ekvivalenti məbləğini keçməmək şərtilə mal gətirirsə burda vətəndaşa seçim hüquqları verilir. Vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edə bilər, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər. Deyək ki, daşıyıcı şirkət anbarda saxlamağa razılaşmadı, o zaman bir dəfə, yaxud beş dəfə bəyannamə təqdim etməyinizin fərqi yoxdur, istənilən halda güzəşt qüvvədə qalır", - deyə N. Axundov bildirib.

Komitə kəskin endirilən limitlərə yenidən baxılıb-baxılmayacağı ilə bağlı məsələni şərh etməyib.

Qeyd edək ki, Nazirlər Kabineti 21 avqust tarixli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilik edib. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.

Bildirək ki, dəyişiklik 20 sentyabrdan etibarən qüvvəyə minir.

Xatırladaq ki, qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə  hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1 500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1 000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilərdi.