BİZNES

21 Avqust

Sahibkarların yeni texnologiyalardan istifadə etməyi niyə vacibdir?

Azərbaycanda müəyyən fasilələrlə bir neçə aydır davam edən xüsusi karantin rejimi səbəbindən, bir sıra özəl sahibkarlıq subyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Bu isə iqtisadi inkişafın ləngiməsinə təsir göstərir. Artıq Azərbaycan hökuməti müəyyən qaydalar çərçivəsində bir sıra ticarət və xidmət müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı qərar qəbul edib. Bu qərarın nə qədər davamlı xarakter daşıması isə sahibkarların və istehlakçıların davranışlarından asılı olacaq. Mütəxəssislər də bu məqamı xüsusi vurğulayaraq, hər kəsin yeni həyat tərzinə uyğunlaşmasını tövsiyə edirlər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, müasir dövrdə dünyada biznes sektorunun koronavirus pandemiyasına uyğunlaşdırılması istiqamətində fərqli addımlar atılır. Hazırda Azərbaycan hökuməti tərəfindən bir sıra karantin tədbirlərinin həyata keçirildiyini deyən ekspertin sözlərinə görə, onun bir hissəsi biznes sferasına yönəlib. Bu da özəl sektorda fəaliyyətin pandemiya şəraitinə uyğun formada qurulmasını şərtləndirib. Bununla yanaşı, işçi heyətin koronavirusdan qorunması məqsədilə bir sıra qaydalara riayət olunmalıdır: "Bəzən biznes sektorunda karantin rejiminin tələbi ilə tətbiq olunan qaydaların qısamüddətli tədbirlər olması kimi yalnış təsəvvürlər yaranır. İnsanlar pandemiya bitdikdən sonra əvvəlki vəziyyətə qayıdacaqlarını güman edirlər. Ancaq biz inkişaf etmiş ölkələrə baxanda görürük ki, ABŞ-da, İngiltərədə, qonşu Rusiya və Türkiyədə, Avstraliyada pandemiya ilə bağlı biznes sektorunda tətbiq edilən yeniliklər uzunmüddətli xarakter daşıyır. Həmin ölkələrdə pandemiya ilə birlikdə yaşamaq sınaqdan keçirilir. Dünya təcrübəsi də göstərir ki, insanlar yeni həyat tərzinə uyğunlaşmalıdırlar".

Ruslan Atakişiyev xarici təcrübədə texnologiyalardan geniş istifadə olunduğuna toxunaraq bu yolla qarşılıqlı ünsiyyətin minimuma endirildiyini bildirib: "Məsələn, xəstəyə dərman daşınması üçün artıq xüsusi aparatlardan – pilotsuz uçan obyektlərdən istifadə olunur. Təyyarələrdə sərnişinlərin oturma tərzləri dəyişdirilib. Yeni müasir proqramlar vasitəsilə müəssisəyə müştərinin gəlməsinə, onların sayına nəzarət edilir. Müştəri gəlməzdən əvvəl proqrama daxil olub həmin şirkətin fəaliyyətini öyrənir və xidmətdən bəhrələnmək almaq üçün növbəyə yazılır. Bununla da həmin məkanda sıxlığın qarşısı alınır. Əsas şərt də məhz insanların qapalı məkanlara sıx toplaşmasının qarşısını almaq, sosial məsafəni gözləmək, maskadan istifadə etmək, vaxtaşırı dezinfeksiya tədbirləri həyata keçirməkdir".

Ekspert əlavə edib ki, inkişaf etmiş ölkələrdə biznes sahələrinin hər biri üçün ayrıca olaraq pandemiya dövrünə uyğun fəaliyyətin qurulmasına imkan verən standartlar hazırlanıb və şirkətlər həmin standartlara riayət etməli olurlar: "Sosial məsafənin gözlənilməsi üçün xüsusi proqram da hazırlanıb. İnsanlar qollarına xüsusi qolbaq bağlayırlar, ara məsafəsi pozulan anda qurğu siqnalla bu barədə xəbərdarlıq edir və həmin şəxs dərhal kənara çəkilərək ara məsafəsini bərpa edir. Ona görə, hesab edirik ki, özəl sektor təmsilçiləri bu məsələlərə ciddi yanaşmalı və yeni üsulları, standartları tətbiq etməlidir. Artıq əvvəlki dövrə qayıtmaq yox, yeni şəraitdə texnologiyalar tətbiq etmək və rəqəmsal standartları qəbul etmək məqsədəuyğundur".

Ekspertin fikrincə, yeni texnologiyaların yaradılmasında özəl sektor özü aktiv olmalıdır. Ayrı-ayrı müəssisələrin, xidmət obyektlərinin pandemiya şəraitinə uyğun işini təmin etmək məqsədilə xüsusi proqramlar hazırlanmalıdır. Məsləhətçi şirkətlər belə proqramları hazırlayıb müştərilərə təqdim edə bilərlər. Həmin proqramların Azərbaycan bazarında geniş şəkildə yayılması təmin edilməli və biznes bu cəhətdən fəal olmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, yeni həyat tərzinə adaptasiya olunmaq günün tələbidir.