BİZNES

20 Avqust

  “AmCham"  bu nazirliklə birgə “Fərdi məlumatlar haqqında” qanun layihəsi hazırlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) arasında onlayn videokonfrans keçirilib.

Fins.az xəbər verir ki, görüşün təşkili “AmCham”ın fərdi məlumatların işlənməsi və mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərindən irəli gəlib.

Məlumata görə,videotədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycanda Amerika Ticarət Palatasının İdarə Heyətinin üzvü Rüfət Hacıəlibəyli, “AmCham”ın fərdi məlumatlar üzrə İşçi qrupunun üzvləri, o cümlədən beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən Elmir Vəlizadə Avropa qanunvericiliyində fərdi məlumatlar sahəsində edilmiş dəyişikliklərin digər ölkələrə də təsirini nəzərə alaraq ölkəmizdə hazırlanmış yeni qanun layihəsi barədə məlumat verib: “Qanun layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu tərəfindən hazırlanıb. Bu məqsədlə İşçi qrupu tərəfindən fərdi məlumatlar sahəsində beynəlxalq təcrübə araşdırılıb və yeni “Fərdi məlumatlar haqqında” qanun layihəsi işlənib. Yeni qanun layihəsində Avropa təcrübəsindən və beynəlxalq təcrübədən irəli gələn məqamların milli qanunvericiliyə tətbiqi mexanizmləri nəzərə alınıb”.

Hazırlanmış layihə barədə təqdimat Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Vüqar Həsənov tərəfindən iştirakçılara təqdim edilib. Qanun layihəsində nəzərdə tutulan yeniliklər, o cümlədən yeni anlayışlar və maddələr barədə ətraflı məlumat verilib. “AmCham”ın verdiyi təkliflərin layihədə öz əksini tapması göstərilib.

Müzakirələr zamanı görüşdə iştirak edən təşkilatların üzvlərinin fərdi məlumatlar sahəsində lisenziyalaşdırma, sertifikatlaşdırma, fərdi məlumatların transsərhəd ötürülməsi, subyektlər tərəfindən onların fərdi məlumatlarının işlənməsinə verdikləri razılıq, məsuliyyət növləri və s. barədə sualları cavablandırılıb.

Sonda “AmCham” tərəfi keçirilmiş görüşlə bağlı öz təşəkkürünü bildirərək gələcəkdə fərdi məlumatlar sahəsində əməkdaşlığın həyata keçirilməsində müvafiq köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.

Müəllif:Aynur Qəniyeva