BİZNES

19 Avqust

«Made in Uzbekistan» biznes forumunda 28 şirkət iştirak edəcək

«Made in Uzbekistan» biznes forumu 25-27 avqust tarixlərində baş tutacaq və tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün imkanlar təqdim edəcək.

Fins.az xəbər verir ki, işgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər və digər məhsulların istehsal və ixracı ilə məşğul olan 28 şirkət iştirak edəcək. Özbəkistan şirkətləri arasında “Uztex Group”, "Urganch Baxmal" MMC, “Alliance Textile”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textile Fashion” MMC, “Imron Textile Group”, “Nil Granit” MMC və s. kimi şirkətləri yer tutur. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə linkdən keçərək tanış ola bilərsiniz: //b2b-uz-textile.ceo.az/welcome-az

Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Əşrəfxanov: “Bu tədbir artıq Özbəkistan və Azərbaycan sahibkarları üçün pandemiya şəraitində təşkil etdiyimiz ikinci onlayn forumdur. Bu dəfə biz diqqətimizi Özbəkistan iqtisadiyyatının ən perspektivli və inkişaf etmiş sahələrindən birinə - tekstil və tektil məhsullarının istehsalı və ixracına yönəltmişik. Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır. Əminəm ki, onlayn forum ölkələrimiz arasında işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək və tekstil sənayesində ticarətin artmasına kömək edəcəkdir”.

Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribütorları, tikiş müəssisələrinin mütəxəssisləri, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunurlar. Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: //b2b-uz-textile.ceo.az/register-as-importer-az.

Müəllif:Aynur Qəniyeva