BİZNES

06 Avqust

Nazir: Ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik

 Sanitar-epidemioloji vəziyyətin imkan verdiyi şəraitdə və vaxtda iqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi  koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib

O qeyd edib ki,fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də bu günədək bu yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Dövlət sektorunda fəaliyyət göstərən müəssisələrə də, bir sıra digər müəssisələrə də iqtisadiyyata dəstək proqramı çərçivəsində dəstək göstərilib. Lakin sözsüz ki, ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəallığa da təbii olaraq mənfi təsir göstərir. Bu, özünü həm də makroproqnozların, yəni 2020-ci ilin ümumdaxili məhsulun proqnozunda göstərir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırırıq. Obyektiv səbəblərə görə ölkədaxili və xaricdən gələn turizm axınının dayanması müvafiq sektora təsir edir. Enerji bazarlarının da hələ tam bərpa olunmaması bizim üçün obyektiv çətinliklər yaradır. Bütün bunları nəzərə alaraq, biz qərargahın tərkib hissəsi olaraq sanitar-epidemioloji vəziyyətin imkan verdiyi şəraitdə və vaxtda iqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik.