BİZNES

29 İyul

İqtisad Universitetinin rektoruna ASK-da vəzifə verildi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən Elm, Təhsil və Peşə Təlimi Müəssisələrilə İş Komissiyasının  komissiyanın sədri seçilib.

Konfederasiyadan fins.az-a daxil olan məlumata görə, komissiyanın iclasını ASK-nın vitse-prezidenti Vüqar Zeynalov açaraq bildirib ki, Konfederasiya 2001-ci ildən dövlətin sosial tərəfdaşıdır və hər iki ildən bir hökumətlə Baş Kollektiv Saziş imzalayır. ASK Azərbaycanda çalışan sahibkarların sözçüsü qismində onların maraqlarını müdafiə etmək, həmçinin iqtisadiyyatın inkişafı üçün biznes mühitinin əlverişliliyinin yüksəldilməsi istiqamətində aparılan islahatlara dəstək verir. Biznesin maraqlarını təmsil etmək məqsədilə ASK-nın tərkibində 14 sahəvi komissiya fəaliyyət göstərir. Elm, Təhsil və Peşə Təlimi Müəssisələrilə İş Komissiyasının hədəfi isə təhsil sektorundakı real vəziyyəti ümumiləşdirərək dövlətin qarşısında qaldırmaq, həmçinin Azərbaycanda sahibkarlığın təhsilə inteqrasiyası prosesini sürətləndirməyə töhfə verməkdir.

Ə.Muradov göstərilən etimada görə təşəkkür edərək bildirib ki, universitet təhsilini real iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaq hazırda təhsil sisteminin ən vacib məsələsidir. “Bu komissiya real sektorla təhsil müəssisələri arasında körpü rolunu oynayacaq”, - deyən Ə.Muradov tələbələrin təcrübə proqramları ilə bağlı bir neçə məsələni iştirakçıların diqqətinə çatdırıb.

“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Azərsun Akademiyası”nın rəhbəri Cəlal Eynullayev peşə təhsili məzunlarının təcrübə proqramları və peşə təliminin effektivliyini artırmaq üçün təkliflərini qeyd edib.

Qeyd edək ki, iclasda Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Elnur Nəsibov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, təhsil sahəsində tanınmış ekspertlər Zakir Əhmədov, Mənafəddin Namazov, sahibkarlar və ASK-nın icra aparatının əməkdaşları iştirak ediblər.

Müəllif:Aynur Qəniyeva