BİZNES

08 İyun

"MİDA" Yasamal-2 yaşayış kompleksində kombilərə 0,9 milyon manatdan artıq vəsait sərf edəcək

"MİDA” MMC Yasamal-2 yaşayış kompleksində çoxmənzilli yaşayış binalarındakı mənzillər üçün kombilərin (24-kW) alınıb quraşdırılmasına 0,9 milyon manatdan artıq vəsait yönəldəcək.

www.tender.gov.az saytının məlumatına görə, MİDA “Interqral” QSC ilə müvafiq müqavilə imzalayıb.

Müqavilənin ümumi dəyəri 907 min 823,81 manatdır.

Yasamal-2 yaşayış kompleksi Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunur. 2018-ci il dekabrın 26-da prezident İlham Əliyevin iştirakı ilə yaşayış kompleksinin təməli qoyulub.

Kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.