BİZNES

03 İyun

Azərbaycanın iri şərab şirkətinin gəliri və mənfəəti artıb

Şərab, konyak, araq istehsalçısı və ixracatçısı “Gəncə Şərab -2” ASC 2019-cu ili 2 milyon 828 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə şirkətin xalis mənfəəti 843 min manat və ya 42,5% artıb. “Gəncə Şərab-2” 2018-ci ili 1 milyon 984 min manat xalis mənfəət ilə bağlamışdı.

SATIŞDAN GƏLİRLƏR ARTIB

Fins.az ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə ötən il “Gəncə Şərab -2”nin satışdan gəlirləri (əsas əməliyyat gəliri) 3 milyon 978 min manat artaraq 16 milyon 921 min manat təşkil edib. ASC 2018-ci ildə 12 milyon 943 min manat gəlir əldə etmişdi.

Ötən il “Gəncə Şərab -2”nin əsas əməliyyat gəlirinin 3 milyon 978 min manat artmasına qarşılıq satışın maya dəyəri 2 milyon 848 min manat artıb. Nəticədə ümumi mənfəət 1 milyon 130 min manat artaraq 3 milyon 444 min manat təşkil edib.

ŞİRKƏT BÖYÜYÜB

2018-ci illə müqayisədə 2019-cu ildə “Gəncə Şərab -2”nin cəmi aktivləri 3 milyon 417 min manat artaraq ilin sonunda 22 milyon 494 min manata çatıb. Artımın bir hissəsi torpaq, tikili və avadanlıqların artmasından qaynaqlanıb.

31 Dekabr 2019-cu il tarixində “Gəncə Şərab -2” ASC 10 milyon 685 min manat nizamnamə kapitalına, 16 milyon 149 min manat cəmi kapitala malik olub.