BİZNES

02 İyun

“Azexport.az”internet portalı “Facebook Shop”a inteqrasiya olunur

Təhlillərin nəticəsinə əsasən portalın gələcəkdə bu xidmətlərə inteqrasiya olunması barədə qərar qəbul olunacaq

Fins.az xəbər verir ki, bu barədə   Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov  məlumat verib.

O bildirib ki, inteqrasiya proseslərinin müsbət nəticəsi olaraq 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) dünyanın 141 ölkəsindən  “Azexport.az” internet portalına 1,8 milyard ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Portalın uğurlu fəaliyyəti nəticəsində ixrac coğrafiyamız genişlənib. Belə ki, əvvəllər qida və dərman məhsullarının ixracı imkansız olan əksər Ərəb, Okeaniya və Amerika qitəsi ölkələrinə məhsul ixracı artıb.

Ayxan Qədəşov portalın idarə olunması zamanı resursların səmərəli istifadə olunaraq minimum xərclə maksimum effektivliyə nail olunması prinsipi əsas götürüldüyünü qeyd edərək "Bu baxımdan “Facebook Shop” Amerika Birləşmiş Ştatlarında sınaq mərhələsini bitirib və xidmətlərini tam funksional təqdim etdikdən sonra müəyyən təhlillər aparılacaq. Təhlillərin nəticəsinə əsasən portalın gələcəkdə bu xidmətlərə inteqrasiya olunması barədə qərar qəbul olunacaq."-deyə bildirib 

Qeyd edək ki, hazırda “Azexport.az” internet portalı “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda rəqəmsal ticarət platformaları vasitəsi ilə təşviqinin aparılması məqsədi üçün “Amazon.com”, “Alibaba.com”, “Agroserver.ru”, “All.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub.

Müəllif: Aynur Qəniyeva