BİZNES

18 May

\"Əsas səhmdar məni şirkətə buraxmır\"

Şikayətçi müraciətində bildirib ki, Yevlax Toxucu ASC-nin səhmdarlarından biri olsa da, əsas səhmdar tərəfindən hüquqları tapdalanır.

“Atam Şirzad Hüseynov 1997-ci ildə Yevlax Toxucu ASC-ni qurub. 2004-cü ildə təzyiqlərə məruz qaldığı üçün sabiq icra başçısı Qoca Səmədovun adına keçirib. Müəssisədə 16% səhm payım var. Yerdə qalan səhm payı isə Qoca Səmədova aiddir. Rəsmi olaraq onun qaynı arvadının adında olsa da, bugünkü gündə bütün maliyyə məsələlərini oğlu Ruslan Səmədov görür. Hazırda məni oraya girməyə qoymurlar. Qapıdan qovuluram. ASC-nin ərazisində kafe açılıb, bir hissəsi mebel mağazasına, digər bir hissəsi isə 4 min manata “Azərşəkər” MMC-yə icarəyə verilib. Ancaq həmin gəlirdən mənə bir qəpik də ödənmir”.

N. Qədirlinin sözlərinə görə, 2014-cü ildən heç bir iclasda iştirakına icazə verilməyib: “Səhmdar kimi öz dividentimi istəsəm də, mənə hər hansı ödəniş edilməyəcəyi bildirilib. Deyirlər ki, əsas səhmdar bütün ödənişi özünə götürməlidir. Qanunvericilikdə belə bir şey yoxdur. 

Prokurorluğa müraciət etmişəm. Karantinlə bağlı hazırda Yevlaxa gedə bilmədiyim üçün iş qalıb. Əlimdən gələni edirəm ki, haqlarım tapdanmasın. Mediaya müraciət etməkdə məqsədim prosesin sürətləndirilməsidir”.

Xatırladaq ki, Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb. 

©️ “Qafqazinfo”