BİZNES

05 Fevral

Avropa İttifaqının maliyyələşdirdiyi layihə bitib

21 yanvar 2020-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ÜTT Departamentinin ÜTT-yə üzv olmasına dair danışıqlarda potensialının dəstəklənməsi və gücləndirilməsi” layihəsinin yekun konfransı keçirilib.

Fins.az-ın məlumatına görə, layihə öz fəaliyyətinə 23 yanvar 2018-ci il tarixində başlamışdır. İqtisadiyyat Nazirliyi layihənin tərəfdaşı idi. Digər benefisiarlara isə bir neçə Nazirlik, Komitə, Dövlət Qurumları və s. daxil idi.

Layihə iki illik fəaliyyəti müddətində ticarət qanunvericiliyinin təkmilləşdirilməsində, onun ÜTT qaydalarına və beynəlxalq qabaqcıl təcrübələrə uyğunlaşdırılmasında Azərbaycan hökumətinə, eləcə də ÜTT-yə daxil olmaq üzrə danışıqlarda danışıq qrupuna köməklik göstərmiş, İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinin institusional potensialını gücləndirmiş, xüsusən də ÜTT-yə daxil olmaq üzrə danışıqlara hazırlaşmaqda və ÜTT ilə əlaqəli ticarət məsələlərində ictimaiyyətin məlumatlılığının artırılmasını təmin etmişdir. Layihə “DMI Associates” (Fransa) və “Ekvita” (Azərbaycan)-dan ibarət konsorsium tərəfindən həyata keçirilmişdir.

Layihə çərçivəsində görülən işləri və əldə olunan nəticələri təqdim etmək üçün Aİ, “DMI Associates” və “Ekvita” tərəfindən layihənin yekun konfransı təşkil edildimişdir. Konfransda Azərbaycan hökumətinin rəsmiləri, o cümlədən İqtisadiyyat Nazirliyinin və Xarici İşlər Nazirliyinin nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin, özəl sektorun və elmi qurumların nümayəndələri də iştirak etmişlər.
Konsorsiumun nümayəndələri, “DMI Associates”in direktoru xanım Selesta Van Den Brok və “Ekvita”nın direktoru cənab İlqar Mehti konfransı açaraq qonaqları salamladılar.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndə Heyətinin rəhbəri cənab Kestutis Yankauskas, Azərbaycan hökumətinin islahat proqramını və iqtisadiyyatın şaxələndirilməsi səylərinin həyata keçirilməsi üçün ticarət siyasətində texniki yardımın vacibliyini vurğuladı. O, bu boşluğun doldurulması və lazımi köməkliyin uğurla göstərilməsinə dair layihənin apardığı işdən məmnun qaldığını bildirib. Cənab Yankauskas ikitərəfli iqtisadi əlaqələrin qurulmasında və xarici investorların cəlb edilməsində ÜTT qaydalarına uyğun oynamağın vacibliyini bildirdi. O, ÜTT və ÜTT-nin Azərbaycan üçün potensial təsirləri ilə bağlı yanlış təsəvvürlərin aradan qaldırılması barədə ictimaiyyətin məlumatlandırılmasının vacibliyini də dilə gətirdi.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini cənab Sahib Məmmədov Aİ ilə Azərbaycan arasında davam etməkdə olan əməkdaşlığı yüksək qiymətləndirdi. O, ikitərəfli iqtisadi əlaqələrin təkmilləşdirilməsi üçün möhkəm hüquqi əsasın olduğunu qeyd etdi. Cənab Məmmədov, həmçinin Aİ-dən gələn investisiya axını və Azərbaycanla Aİ-yə üzv olan ölkələr arasındakı ikitərəfli münasibətlərə də toxundu. O, İqtisadiyyat Nazirliyi nöqteyi-nəzərindən layihənin gördüyü işlər barədə qısa məlumat verdi və Nazirliyin vəzifəli şəxslərinin potensialının gücləndirilməsi istiqamətində görülən mühüm işləri vurğuladı.

ÜTT-yə Üzvolma Şöbəsinin direktoru xanım Mayka Oşıkava təsdiq etdi ki, iqtisadi və institusional islahatlar ÜTT-yə qoşulmaq istəyən ölkələrin əsas üstünlüyü olaraq qiymətləndirilir. O qeyd etdi ki, ÜTT-yə daxil olmaq aparılan islahatları möhkəmləndirməkdə effektiv xarici lövbər rolunu oynaya bilər. O, qoşulmuş 36 ölkə ilə Azərbaycan arasında paralel müqayisələr apardı, bəziləri ilə təbii ehtiyatlara əsaslanan iqtisadiyyata malik olduqlarına və daha əvvəl iqtisadiyyatları keçid dövründən keçmiş olmalarına görə oxşarlıqları vurğuladı. Xanım Oşıkava, ÜTT- yə üzv olduqdan sonra daha sürətli iqtisadi artım və ölkələrin biznes reytinqlərinin aparılmasının asanlığı, habelə ÜTT-yə üzvlüyündən uzun müddətli sərvət və ümumi daxili məhsul (ÜDM) artımına dair araşdırmalara istinad etdi. O, Azərbaycanın bu günədək üzvolma prosesinin icmalını təqdim etdi, mümkün addımlar barədə məlumat verdi və 2020-ci ilin Azərbaycanın ÜTT-yə daxil olma prosesinin son mərhələsinə girməsi üçün yaxşı bir fürsət ola biləcəyinə dair əminliyini bildirdi.

Layihənin həyata keçirildiyi birinci il ərzində Layihə qrupunun rəhbəri olan cənab Marius Bordalba iştirakçılara layihənin başlaması və hər tərəfli gözləntilər barədə məlumat verdi. Benefisiarın sənaye agentlikləri ilə əməkdaşlığını təqdir etdi və layihə yanaşmasının başlanğıcdan etibarən yaradıcı və bütün müvafiq maraqlı tərəflərlə davamlı qarşılıqlı fəaliyyət olduğunu qeyd etdi. O, layihənin məqsədlərini, fəaliyyətin əsas istiqamətlərini və ilk il ərzində göstərilən yardımı ətraflı şəkildə izah etdi. O, ticarət vasitələri, kənd təsərrüfatı, ÜTT tələblərinə və ən qabaqcıl tənzimləmə təcrübələrinə əsaslanan əqli mülkiyyət də daxil olmaqla, ticarətin tənzimlənməsinin müxtəlif sahələrində göstərilən tövsiyələrə istinad etdi. O, İqtisadiyyat Nazirliyinə gündəlik yardımın və əlavə istəklər əsasında Strateji Yol Xəritələrinin icrasında layihə yardımının vacibliyini vurğuladı. O, eləcə də, ÜTT-yə daxil olmağa dair fəaliyyətə, o cümlədən, ÜTT Üzvlərinin suallarına cavabların hazırlanmasında köməkliyin göstərilməsinə və üzvlüyə dair digər sənədlərə də toxundu.

2019-cu ilin may ayından etibarən layihə qrupunun rəhbəri və beynəlxalq ticarət üzrə baş məsləhətçi xanım Alisiya Qrinidc, layihənin fəaliyyətinin həm də Azərbaycanın ikitərəfli ticarət əlaqələrini təkmilləşdirmək, rəqabət qabiliyyətini artırmaq və Azərbaycanın dünya bazarlarına inteqrasiyasını sadələşdirmək kimi məqsəd daşıdığını bildirdi. O qeyd etdi ki, hazırki zaman və gələcəkdə ÜTT üzvü olaraq Azərbaycana təsir edə biləcək əsas məsələlər ətrafında keçirilən dəyirmi masalar kimi müxtəlif tədbirlər və elmi (akademik) tədbirlər müxtəlif iştirakçılara, eləcə də, Dövlət Qurumları, özəl sektor nümayəndələri və elmi ictimaiyyətin bir-biri ilə ünsiyyət qurmaları üçün bir forum kimi çıxış ediblər. Cəmiyyətin daha yaxşı məlumatlandırılması və ÜTT ilə əlaqəli yanlış təsəvvürlərin aradan qaldırılması üçün layihə tərəfindən hazırlanan maarifləndirici tədbirlərin və materialların əhəmiyyətini vurğuladı. Xanım Qrinidc əminliklə bildirdi ki, layihə çərçivəsində göstərilən texniki yardım Azərbaycana ÜTT-də mövcud olan çeviklikləri daha yaxşı anlamağa imkan verəcək və üzvlük danışıqlarında böyük köməklik göstərəcəkdir.
Konfrans müvafiq fəaliyyətləri barədə məlumat verən və nəticələrini təqdim edən bir qrup layihə mütəxəssislərinin çıxışı ilə davam etdi.

Layihənin əsas mütəxəssisi cənab İlkin Əliyev, yenilənmiş www.wto.az veb-portalını təqdim etdi, portalın quruluşu və müxtəlif bölmələrinə göz gəzdirdi və bunun ÜTT haqda ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması baxımından əhəmiyyətli olduğunu vurğuladı. Portalda ticarətlə bağlı müvafiq qanun və qaydalar, ÜTT sazişlərinin azərbaycan dilinə tərcümələri, ÜTT-yə dair məlumatlar, Azərbaycanın ÜTT-yə daxil olması prosesi və bu barədə ən son xəbərlər qeyd olunub.
Cənab Marius Bordalba ticari müdafiə vasitələri üzrə baş mütəxəssis olaraq, ticari müdafiə vasitələri sahəsində görülən işlər, o cümlədən, ticari müdafiə vasitələrinə dair Azərbaycan qanunvericiliyinə baxış, müvafiq Dövlət Orqanlarına verilən tövsiyələr, Azərbaycanda ticarət vasitələrinin istifadəsinə dair təlimatlar, broşuralar və vərəqələrin hazırlanması barədə məlumat verdi.

Beynəlxalq əqli mülkiyyət hüquqları üzrə baş ekspert Loran Manderye, layihənin Azərbaycanda əqli mülkiyyət qanunvericiliyinə edilən dəyişikliklərə olan qatqısı, xüsusilə tibbi test məlumatlarının qorunması, habelə ən qabaqcıl təcrübələrə əsaslanan əqli mülkiyyət (ƏM) hüquqlarının və coğrafi göstəricilərin sərhəd mühafizəsinə dair maarifləndirmə tədbirləri barədə iştirakçılara məlumat verdi.
Malların ticarəti sahəsində baş mütəxəssis və Qazaxıstan Respublikasının ÜTT-yə üzv olmasına dair keçmiş danışıqlar aparıcısı xanım Aray Kassabekova aksiz vergiləri və kənd təsərrüfatı subsidiyaları üzrə Qazaxıstanın təcrübəsini bölüşdü.

Xidmətlərin beynəlxalq ticarəti sahəsində baş mütəxəssis olaraq çıxış edən xanım Alisiya Qrinidc, müxtəlif xidmət sektorlarında, xüsusilə poçt və maliyyə xidmətləri sahəsində görülən işlər barədə məlumat verdi, həmçinin müvafiq dövlət qurumları ilə müzakirə edilən əsas məsələlərə, o cümlədən bank və maliyyə xidmətləri sahəsində son dövrlərdə baş verən regional hadisələrə toxundu.

Layihə fəaliyyəti haqqında daha ətraflı məlumat, həmçinin Azərbaycanın ÜTT-yə üzv olması prosesinə aid bütün müvafiq məlumat və sənədləri www.wto.az veb-portalında tapmaq olar.