BİZNES

04 Fevral

Azərbaycanda "Facebook" və "Instagram" istifadəçilərinin fəallığı artıb

Bu ilin yanvar ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı 2019-cu ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz bəndi artıb.

Fins.az "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, fevralın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 38,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,47 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı yanvar ayı ərzində 3,17 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin fevralın 1-nə 19,8% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 13 faiz bəndi çoxdur.

Bu ilin yanvar ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,46 faiz bəndi artıb. Fevralın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycan sosial media bazarında 16,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Twitter"  – 13,26, "YouTube" – 8,95%, "VKontakte" – 0,79% və s.

©Apa