BİZNES

04 Fevral

Sumqayıtda sosial evlər tikilir

Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır.

Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 0.76 ha torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilib.

Layihəyə uyğun olaraq, həmin torpaq sahəsində iki ədəd doqquzmərtəbəli iki bloklu yaşayış binasının tikintisi həyata keçirilir. Bu binalarda 144 mənzil olacaq. Onlardan 36-nın birotaqlı, 72-nin ikiotaqlı, 36-nın isə üçotaqlı olması planlaşdırılır.

Bir otaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə 74 kvadratmetr təşkil edəcək.

Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin ediləcək. Evlərin təhvil verilməsinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.