BİZNES

20 Yanvar

İlham Əliyev: 2017-2019-cu illərdə Azərbaycan iqtisadiyyatına xarici sərmayələr $111 milyard təşkil edib

2017- 2019-cu illərdə Azərbaycan iqtisadiyyatına xarici sərmayələr $111 milyard təşkil edib, bu dövrdə ölkənin ÜDM-in 80% artıb. Bu barədə prezident İlham Əliyev qeyd edir.

“Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir», - Davos İqtisadi Forumunun rəsmi saytında şənbə günü dərc olunan İ.Əliyevin məqaləsində deyilir.

O qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80%, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9%-ə çatıb. “Bu dövrdə Azərbaycan iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb. 2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlib”, - Əliyev vurğulayıb.

Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir. Bu səbəbdən, prezident İ.Əliyev 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda Forumun İllik Toplantısında iştirak etməyi planlaşdırır.

Əliyev bildirib ki, Azərbaycan daim ekoloji tarazlığı qoruyub saxlamaqla, yəni, ətraf mühiti qorumaqla öz vətəndaşlarının sosial-iqtisadi inkişafına çalışır. Yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə “Ağıllı şəhər” konsepsiyasına start verilib. Bu konsepsiyanın məqsədi resursların istehlakı, israfı və ümumi xərcləri azaltmaqla enerji, nəqliyyat və kommunal xidmətlər kimi şəhər xidmətlərinin keyfiyyətini artırmaqdır.

Əliyev qeyd edib ki, Azərbaycan 2019-cu ildə “Qlobal Rəqabətlilik Hesabatı”nda 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi” üzrə 11-ci, “Hava yolları xidmətlərinin səmərəliliyi” üzrə 12-ci, “Dəniz limanları xidmətlərinin səmərəliliyi” üzrə 25-ci, “Yolların keyfiyyəti” üzrə 27-ci yerdə qərarlaşıb. "Ölkənin nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı xarici və yerli investisiyaların cəlb olunması ilə mümkün olub. Lakin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təkcə kapital hesabına olmayıb, burada əməkdaşlıq da önəmli rol oynayıb. Forum çərçivəsində əməkdaşlıq Azərbaycanı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin önəmli aktoruna, beynəlxalq nəqliyyat qovşağına çevirib. Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşaraq 2017-ci ilin oktyabr ayından istifadəyə verilib. Bu, Asiya ilə Avropanı ən qısa yolla birləşdirən davamlı nəqliyyat dəhlizidir. Bundan başqa, Xəzərdə ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilərək 2018-ci ilin may ayında istifadəyə verilib", - dövlət başçısı yazır.

İ.Əliyev vurğulayıb ki, Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.