BİZNES

14 Yanvar

“Samsung” şirkətinin “süni insan” layihəsi

7-10 yanvar tarixləri aralığında Las Veqas şəhərində keçirilən “CES 2020” texnologiya sərgisində bir çox nəhəng şirkətlərin maraqlı layihələri təqdimata çıxarılsa da, ən çox gözəçarpan və medianın diqqətini cəlb edən layihələrdən biri “Samsung” şirkətinin törəmə qurumu olan “STAR Labs” şirkətinin layihəsi olub. Belə ki, “STAR Labs” şirkəti “Neon” adlandırdıqları süni insan texnologiyasının ilkin nümunələrini nümayişə çıxarıb. Hələlik “Beta” versiyası mövcud olan bu texnologiyanı “Alexa”, “Siri” və bir sıra başqa süni intellekt əsaslı çatbot texnologiyalarından fərqləndirən cəhətlərdən biri “Neon” personajlarının spesifik olaraq bir məqsəd üçün mövcud olmasıdır. Digər bir sözlə, “Alexa” texnologiyasından istifadə edərək səsli əmrlər vasitəsilə sevdiyiniz musiqini oxuda, hava temperaturunu öyrənə bilirsinizsə, “Neon” texnologiyası sizin dostunuz, yoldaşınız olur və proqramlaşdırılma xüsusiyyətlərindən asılı olaraq, maliyyə məsləhətçisi, müəllim, aktyor, televiziya aparcısı və sair funksiyaları yerinə yetirir.

“Neon” personajlarının əsas cəlbedici cəhəti isə, insana görünüş cəhətdən çox bənzəməsi və “Core R3” proqram təminatı sayəsində insanların hərəkətlərinə, üz ifadələrinə, emosiyalarına və reaksiyalarına sahib olmasıdır.

Cari ilin sonunda istifadəyə verilməsi planlaşdırılan “Neon”ların ilkin olaraq otel, supermarket və restoranlarda məlumat xidməti və konsyerj əməkdaşı olaraq istifadə olunması gözlənilir. Məhsulların ilkin satış qiyməti ilə bağlı isə heç bir açıqlama verilməyib.