Bu, sahibkara maliyyə yükü yaratmamağa hesablanmış dəyişiklikdir
Fins.az xəbər verir ki, bu sözləri Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri "vergiler.az"a şərh edən Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanov deyib
O bildirib ki, Yeniliklər ƏDV ödəyicilərini də əhatə edir. N.İmanovun sözlərinə görə, əvvəllər ƏDV-nin hesablanıb dövlət büdcəsinə ödənilməsi malların satışına görə 30 günlük müddət nəzərə alınırdısa, artıq bu metod dəyişib. Bundan sonra tam kassa metodu prinsipinə keçid ediləcək: "2020-ci il yanvarın 1-dən ƏDV ödəyiciləri məhsulları satarkən, xidmət göstərərkən malları təqdim etdiyi ayda deyil, pul vəsaiti onun sərəncamına daxil olduğu ayda ƏDV-ni hesablayıb ödəyəcək. Bu, sahibkara maliyyə yükü yaratmamağa hesablanmış dəyişiklikdir".
Dəyişikliklərdə gələn ildən vergi inzibatçılığın sadələşdirilməsi də nəzərə alınan vacib məqamlardandır. N.İmanov qeyd edib ki, burada sənədləşdirmələrin azaldılması, ikili əməliyyatlardan birinin ləğv edilməsi kimi tədbirlər nəzərdə tutulur. Yəni ƏDV ödəyicilərinin tərtib etdiyi elektron vergi hesab-fakturaları qanunla ləğv edilib. Bundan sonra bütün əməliyyatlar yalnız elektron qaimə-faktura ilə rəsmiləşdiriləcək. E-qaimə həm elektron vergi hesab-fakturasını əvəz edəcək, həm də malların satışını müəyyən edən sənəd kimi çıxış edəcək, həmçinin malların, xidmətlərin agent qaydasında, komissiya qaydasında digər şəxslərə verilməsini, malların emala verilməsini nəzərdə tutan sənəd olacaq. Bu, vergi ödəyicilərinin, habelə mühasiblərin, sənədləşmələri həyata keçirən şəxslərin işini yüngülləşdirəcək. Bununla sahibkarlar da kağız daşıyıcılarda olan sənədlərin korlanması, itməsi kimi risklərdən sığortalanmış olacaqlar.
N.İmanov elektron qaydada sənədləşmələrin vergi orqanlarının sahibkaralara məsafədən nəzarət etməsinə, vergi ödəyiciləri üzərində nəzarət tədbirlərinin azalmasına imkan verəcəyini bildirib: "Bütövlükdə vergi orqanları qarşısında duran əsas məqsəd "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasıdır. Bunun başlıca yolu isə gəlir və xərclərin uçotunun şəffaflaşdırıması, haqsız rəqabətin götürülməsidir".