Bir çox mühasiblər, əsasən də gənc mühasiblər "mal" anlayışı ilə "material" anlayışını və ya digərlərini bir-birindən fərqləndirməkdə çətinlik çəkirlər. Maliyyə məsələləri üzrə ekspert Xalid Cəfərov mövzunu şərh edərkən bəzi məqamlara diqqət yetirməyi tövsiyə edib.
Tutaq ki, tikinti sahəsində fəaliyyət göstərən "A" müəssisəsi 50.000 manatlıq tikinti materialı alır. Deməli, bu alışda məqsəd həmin materialların satılması deyil, birbaşa tikinti prosesində istifadə edilməsidir. Yeni hesablar planında bunun üçün 201 saylı "Xammal və materiallar" hesabı nəzərdə tutulub.
Əgər "A" müəssisəsi aktivləri istifadə deyil, satmaq məqsədilə əldə edirsə, artıq bu, mal hesab ediləcək. Yeni hesablar planında bunun üçün ayrıca 205 saylı "Mallar" hesabı nəzərdə tutulub. Deməli, "mal" anlayışına belə tərif vermək olar: "Mal - müəssisələrin satış məqsədilə əldə etdikləri və saxladıqları dövriyyə aktividir".
Mallar istər əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən, istərsə də vergi orqanında qeydiyyatda olmayan şəxslərdən alına bilər. Bu zaman satan tərəfdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilməlidir. İstənilən halda malların alışı zamanı müqavilə və qiymətlərin razılaşma protokolunun yazılması vacibdir. Malların anbara təhvil verilməsi zamanı isə "Malların təhvil-qəbul aktı" yazılmalıdır.
Malların ƏDV ödəyicisindən alışı zamanı uçota alınma prosesi müxtəlif cür həyata keçirilir.
Misal 1: ƏDV ödəyicisi olan "A" şirkəti ƏDV ödəyicisi olan "B" şirkətindən 11.800 (ƏDV daxil) manat dəyərində mal alır. Bu zaman "A" şirkəti malların uçotunu ayrı, ƏDV-nin uçotunu da ayrı aparmalıdır. Çünki "B" şirkətinə ödəniləcək 1.800 manat ƏDV məbləği ödəndikdən sonra Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdiriləcək. Bunun üçün müxabirləşmə aşağıdakı qaydada veriləcək:
Debet |
Kredit |
Məbləğ |
İzahat |
205-Mallar |
531-Malsatanlara olan kreditor borc |
10000.00 |
Malların dəyəri |
241-Əvəzləşdiriləcək ƏDV |
531-Malsatanlara olan kreditor borc |
1800.00 |
ƏDV məbləği |
Misal 2: ƏDV ödəyicisi olmayan "A" şirkəti ƏDV ödəyicisi olan "B" şirkətindən 11.800 manat (ƏDV daxil) dəyərində mallar alır. Bu zaman "A" şirkəti üçün aldığı malların dəyəri 11.800 manat təşkil edəcək. Çünki "A" şirkəti ƏDV ödəyicisi olmadığından və əvəzləşdirmə hüququ olmadığı üçün 1.800 manatı əvəzləşdirə bilməyəcək. Ödədiyi ƏDV məbləği bu səbəbdən Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən malların dəyərini artıracaq.