Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində mətbuat konfransı keçirib
Fins.az xəbər verir ki, Vüsal Qasımlı bildirib ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub.
O qeyd edib ki, biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir. 2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində 15,9 faiz və turizmdə (turistlərin say artımı) 11,1 faiz olub. İqtisadi artımın 2020-ci ildə son altı ildə ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olması proqnozlaşdırılır. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək.
Daha sonra qeyd edilib ki, bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard ABŞ dolları müsbət saldo yaranıb. Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir. 2019-cu ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb.
Vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib.
Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb.
2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirmiş, “Fitch” isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib.
2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Azərbaycanın artan təbii qaz hasilatı Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyində rol oynayacaqdır. SOCAR Karbamid zavodu, “Qobu Park 2” yaşayış kompleksi, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, “Laçın” tankeri, “Azərxalça”nın filialları, Biyan Sənaye Mərkəzi və s. 2019-cu ildə istifadəyə verilən mühüm obyektlər oldu.
Ticarət balansı. 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ticarət dövriyyəsində 6 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Monetar qızılın idxalını çıxanda ticarət dövriyyəsinin müsbət saldosu daha böyükdür. Bu ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard ABŞ dolları təşkil edib və 16 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid mallar əsasən Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Ukraynaya ixrac olunub. 2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı, xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb. 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Sosial islahatlar. 2019-cu ildə sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və s. formada verilən dəstəyi özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi bu il üçün 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə əhalinin 40 faizdən çoxunu əhatə edib. 2019-cu il ərzində minimum əmək haqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. İki mərhələli baş tutan bu artımla minimal əmək haqqı Prezidentin 2019-cu il fevralın 8-də imzaladığı Sərəncamla 130 manatdan 180 manata artırılıb və 600 minədək insanı əhatə edib, iyunun 18-də imzalanan Sərəncamla isə 250 manat səviyyəsinə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə aid olub. Hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir. Orta aylıq əmək haqqı təxminən 15 faiz artaraq 625 manata çatıb. Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq Azərbaycanda minimum əmək haqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb. Orta əmək haqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir.
Sosial islahatlar paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır. Belə ki, ölkə başçısının Sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxarıb. Ümumilikdə, 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə etmişdir. Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir.
İdarəetmə islahatları. Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətinin islahatları dövlət idarəetməsinin səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların və biznesin maraqlarına xidmət edir. 2019-cu ildə dövlət idadəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab verməsidir.
Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqləndi, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını, “One-stop-shop”dan “non-stop-shop”-a keçidi, “Only one entry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda dövlət idarəetmə islahatları məcburetmədədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, məmur-sahibkar təmaslarından rəqəmsal həllərə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir. Dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Bu çərçivədə dövlət müəssisələrində və özəl sektorda idarəetmə islahatları, o cümələdən korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb.
Məhkəmə hakimiyyətində aparılan islahatlar isə özündə elektron məhkəmənin inkişafını, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasını, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsini, humanistləşdirmə və dekriminallaşdırmanı, vəkillik institutunun inkişafını, məhkəmənin maddi-texniki bazasının gücləndirilməsini, məhkəmə ekspertizası işinin daha da təkmilləşdirilməsini ehtiva edir.
Hakimiyyətin icra və məhkəmə qanadlarında islahatlar qanunverici orqanın islahatları ilə davam edir. Növbədənkənar seçkilər nəticəsində yeni parlament islahatlar kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində ictimai nəzarəti və vətəndaş iştirakçılığını daha da gücləndirəcəkdir. Burada həm yeni millət vəkilləri korpusunun formalaşdırılması, həm də institutsional təkmilləşdirmələr üçün imkanlar yaranıb. Yeni parlamentin məhz dövlət idarəetmə islahatları çərçivəsində formalaşması qanunverici hakimiyyətin məsuliyyətini daha da artıracaqdır.
Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə effektiv dövlət idarəetmə sistemi qurulub. Azərbaycan Dünya Bankının hesabladığı “Hökumətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Belə ki, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib. Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, hökumət tənzimlənməsinin yükü meyarına görə 3-cü, hökumətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, hökumətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, hökumətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. ASAN, DOST, ABAD, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır.
Biznes islahatları. 2019-cu ildə islahatlar nəticəsində tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, dövlət satınalmaları sahəsində bütün prosedurlar rəqəmsallaşıb. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə yaradılan yeni proqram “Mobil nömrə və FİN kod” vasitəsilə artıq ümumi qeydiyyat cəmi bir prossedurla, 20 dəqiqə ərzində taxes.gov.az saytında həyata keçirilə bilir. Proqram istifadəyə verildikdən sonra keçən ilin yekunu ilə müqayisədə 3677 daha çox hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da 30,8% artımdır.
2019-cu ildə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə üçün 591 xarici ticarət iştirakçısı tərəfindən müraciət ünvanlanıb və onlardan 307-ə idxal, 198-ə isə ixrac əməliyyatları üzrə sistemdən istifadə hüququ verilib. Ümumilikdə, yeni qayda nəticəsində gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ və şəffaf şəkildə tətbiq edilməsi imkanı yaradılıb.
Vergi dərəcələrinin aşağı salınması, vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin “kölgə iqtisadiyyatı” ilə mübarizə sahəsində uğurlar əldə edilib. 2019-cu il ərzində vergi və gömrük orqanları vasitəsilə aparılan islahatlar nəticəsində dövlət büdcəsinə plandan əlavə təxminən 1 milyard manat vəsait daxil olub.
2019-cu ildə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkənin sırasında olub. Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatı”nda Azərbaycan daha 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Azərbaycan İrs (Heritage) Fondunun “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş əldə edən ölkədir.
Maliyyə-bank sektoru. Başa vurmaqda olduğumuz ildə Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət maliyyə-bank sektorunda vəziyyətin yaxşılaşmasına səbəb olub. Bu il bankların kapital dayanıqlığı artıb, rəqəmsallaşma güclənmiş və prudensial idarəetməyə keçid təmin edilib. Ancaq bununla birlikdə bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətindəki gözləntiləri də gücləndirir.
Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirdi.
Geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bank sistemində riskəsaslı idarəetmə konsepsiyasının təşviq edilməsi nəticəsində il ərzində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi rekord həcmdə - 2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. Əlbəttə ki, burada cənab Prezidentin 28 fevral 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman”ın rolunu xüsusilə qeyd etməliyik. 800 mindən çox insanı əhatə edən bu Fərman özünün müstəsna sosial mahiyyəti ilə birgə bank sektoru üçün sözün əsil mənasında tamamilə yeni bir səhifə açdı və bank sektorunun gələcək inkişafı üçün də möhkəm zəminlər yaratdı.
Bu ilin ilk 10 ayında banklarda yerləşdirilib depozitlərin həcmi 23 milyard 413 milyon manata çatıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir, fiziki şəxslərin əmanətlərinin həcmi isə son illər üzrə ən yüksək göstəriciyə - 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş etdirib. Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37%-ə çatıb ki, bu da 2015-ci ildən sonra müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasının ən yaxşı nümunəsi hesab edilə bilər.
Cari il bank sisteminin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından da faydalı oldu. Ölkədə ilk dəfə olaraq, valyuta əməliyyatlarının aparılmasında xüsusi rejiminin yaradılması barədə qərar verildi. Belə ki, 2019-cu il 15 mart tarixində edilmiş dəyişikliyə əsasən, Ələt azad iqtisadi zonasında valyuta əməliyyatlarının ayrıca qanunla - “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənməsi qəbul edildi. “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna 2019-cu il 19 fevral tarixində dəyişiklik edilərək əmanətlərin tam sığortalanması mexanizmi daha 1 il müddətinə uzadıldı. Əlavə olaraq, 2019-cu ildə bank sektorunun fəaliyyətini tənzimləyəcək bir sıra normativ-hüquqi aktlar qəbul edilməklə bank sektorunun instutisional bazası möhkəmləndirilib ki, bunlardan da “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”, “Banklarda korporativ idarəetmə Standartları” kimi qanunvericilik aktlarını xüsusilə qeyd edə bilərik. Eyni zamanda, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” qəbul olunmaqla rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə etdilər. Onu da xüsusilə qeyd edək ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir və qəbul olunub qaydalar və icra edilmiş tədbirlər qeyri-rezidentlərin ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirmələrinə imkan yaratmış oldu.
“Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamı isə bu sahədə yeni bir mərhələnin başlanğıcını qoydu. Sektorda daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanıb, effektiv tənzimləmə, şəffaf korporativ idarəetmə və güclü infrastruktur elementləri ilə əhatə olunub, nağdsız ödənişləri geniş təşviq edən, real sektoru maliyyələşdirən və yüksək inkişaf potensialına malik maliyyə-bank sistemi formalaşdırmaq əsas gözləntilərdəndir.