ABŞ və onun bəzi müttəfiqləri Çinin texnologiya şirkəti “Huawei”-i milli bazarlarından çıxarmaq üçün qəti addımlar atsalar da, “Facebook” və Amerikanın digər rəqəmsal nəhənglərinin yaratdığı analoji təhdidə məhəl qoymamağa davam edirlər. Demokratik ölkələr “evdə bəslənmiş” bu təhlükə ilə mübarizədə də eyni dərəcədə qətiyyətli olmalıdır. “Project Syndicate” nəşrinin icmalçısı Ngeyri Vuds (Ngarie Woods) bu fikirdədir.
ABŞ Prezidenti Donald Tramp (Donald Trump) administrasiyası “Huawei”-i əqli mülkiyyəti oğurlamaqda, fırıldaqçılıqda və İrana qarşı sanksiyalardan yayınmaqla ədalət məhkəməsinə mane olmaqda ittiham edir. Şirkət həmçinin Çin hökumətinin xeyrinə casusluq üçün avadanlığından və proqram təminatından istifadə etməkdə şübhəli bilinir. Nəticədə ABŞ dövlət qurumlarına “Huawei”, eləcə də “ZTE”, “Hikvision”, “Dahua” və “Hytera” şirkətlərindən avadanlıq almaq qadağan edilib.
Bundan başqa, ABŞ Ticarət Departamenti “Huawei”-i “Entity List” siyahısına daxil edib, dolayısıyla ABŞ şirkətlərinə dövlətin xüsusi lisenziyazı olmadan Çin şirkətindən nəsə almaq qadağan olunub. “Facebook” artıq “Huawei”-yə tətbiqləri əvvəlcədən yükləməyə icazə vermir. “Google” isə Çin şirkətinin cihazlarını “Android” yeniləmələri ilə təmin etməyi dayandırıb. Amerika universitetləri şirkətlə ortaq araşdırmalarını dayandırmaq məcburiyyətində qalıblar: Massaçusets Texnologiya İnstitutu aprel ayında həm “Huawei”, həm də “ZTE” ilə əlaqələrini kəsib.
Məqalədə deyilir ki, ABŞ başqa ölkələri də ondan nümunə götürməyə çağırır. Yeni Zelandiya və Yaponiya “Huawei”-i qadağa edib. Norveçin “Telenor” şirkəti isə 5G şəbəkəsini İsveçin “Ericsson” şirkəti ilə yaradacaq. Bununla da Çin şirkəti ilə 10 ildir davam edən əməkdaşlığa son qoyulub. Digər tərəfdən, Macarıstan və Rusiya “Huawei” şirkətinin milli 5G şəbəkələrini inkişaf etdirməyə icazə veriblər.
Avropa Komissiyası və Avropa Kibertəhlükəsizlik Agentliyi son risk hesabatında “düşmən” ölkədən və ya “qanunverici, demokratik çəkindirmə və balans sisteminin olmadığı” ölkələrdən 5G tədarükü barədə xəbərdarlıq edib.
Qərb ölkələri qorxur ki, “Huawei” məlumatlara çıxış imkanı əldə edə bilər, sonradan həmin məlumatlar Avropa ölkələrinin maraqlarına zidd şəkildə istifadə edilə bilər. Ancaq bu cür təhlükələr artıq mövcuddur. Çünki “Instagram” və “WhatsApp”-a sahiblik edən “Facebook” və “YouTube”-a sahiblik edən “Google” şirkətlərinin öz istifadəçiləri (onların ünvanları, əlaqələri, məlumatları, fotoşəkilləri, axtarış tarixçələri, sazlamaları, alış-verişləri və sair) haqqında geniş məlumat bazası var.
Fərq ondan ibarətdir ki, “Huawei” ABŞ-ın strateji rəqibi Çində yerləşir. Bu səbəbdən şirkətin topladığı məlumatlar demokratik ölkələrin siyasi sistemlərini və geosiyasi mövqeyini zəiflətmək üçün istifadə edilə bilər. Amma “Facebook” ABŞ-ın özündə demokratik prosesi sarsıdır. Belə ki, burada platforma xarici ölkənin seçkilərə müdaxiləsinə imkan yaradıb.
“Google” və “Facebook” ona görə az təhlükəli hesab edilir ki, onlar “Huawei”-dən fərqli olaraq özəl şirkətlərdir. Halbuki “Huawei” Çin Kommunist Partiyasına tabe şirkət kimi nəzərdən keçirilir. Lakin “Google” da ABŞ hökuməti, o cümlədən hərbi və kəşfiyyat xidmətləri üçün böyük işlər görür. Və gəlir motivi “Facebook”-un təhlükə olmasına mane olmur; faktiki olaraq, daha da riski artırır.
Tramp administrasiyasının “Huawei”-in yaratdığı potensial təhlükəyə qarşı müstəsna və qəti cavabı bir sıra başqa dövləti oxşar addım atmağa inandırıb. Onlar əmindirlər ki, demokratik ölkələr vətəndaşların şəxsi məlumatlarını müdafiə etməli, demokratiyanı sarsıtmaq məqsədilə həmin məlumatlardan istifadənin qarşısını almalıdır. Əgər belədirsə, onda qərb ölkələri təcili “Facebook” və “Google” şirkətlərinə qarşı da qəti tədbirlər həyata keçirməlidir.