BİZNES

17 Dekabr

Zelenski Azərbaycan şirkətlərini Ukraynada müəssisələrin özəlləşdirilməsində iştiraka dəvət edib

Çərşənbə axşamı Bakıda Ukrayna Ticarət Evinin açılışı olacaq. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Ukrayna və Azərbaycanda Ticarət Evlərinin açılması iqtisadi münasibətlərin gələcəkdə inkişafına imkan yaradacaq. 2018-ci ildə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olub, bu gün isə mən Bakıda Ukrayna Ticarət Evinin açılışında iştirak edəcəyəm”, - Zelenski çərşənbə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Həmçinin, Zelenski Azərbaycanla qarşılıqlı sərmayələrin artımında maraqlı olduğunu ifadə edib. “Əminəm ki, qarşılıqlı yatırımlar hər iki ölkənin maraqlarına xidmət edəcək. Burada müxtəlif layihələrdən söz açmaq olar”, - o qeyd edib.

Zelenskinin sözlərinə görə, Azərbaycanın “Bakcell” şirkətinin “Vodafone Ukraine” şirkətinin səhmlərinin alışı yaxşı nümunədir. “Qeyd olunan saziş Ukraynada bu sahədə xidmətlərin yaxşılaşmasına xidmət edir”, - o əlavə edib.

O cümlədən, Zelenski Azərbaycan şirkətlərini Ukraynada müəssisələrin özəlləşdirilməsində fəal iştiraka dəvət edib.