Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar–oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat sayının dinamikasına dair hesabatını açıqlayıb.
Finss.az BFB-nin məlumatlarına əsasən xəbər verir ki, hesabat dövründə əməliyyat aktivliyində ən böyük artım “Troni İnvestisiya Şirkəti” QSC-də müşahidə olunub.
Belə ki, şirkətin əməliyyatlarının sayı 2024-cü ildəki 33 əməliyyatdan 2025-ci ildə 5601 əməliyyata yüksəlib. Bu isə 169,7 dəfəlik artım deməkdir və bazarda ən yüksək dinamika göstəricisidir.
Əməliyyat sayının dinamikasına görə müqayisəli renkinq (Yanvar–Oktyabr 2025)
| № | Şirkət | 2025 əməliyyat sayı | 2024 əməliyyat sayı | Fərq | Dinamika |
|---|---|---|---|---|---|
| 1 | Troni İnvestisiya Şirkəti QSC | 5 601 | 33 | +5 568 | ▲ 169,7 dəfə |
| 2 | Capital Partners İnvestisiya Şirkəti QSC | 1 490 | 407 | +1 083 | ▲ 3,78 dəfə |
| 3 | Xalq Kapital İnvestisiya Şirkəti QSC | 182 | 97 | +85 | ▲ +87,6% |
| 4 | PAŞA Kapital İnvestisiya Şirkəti QSC | 7 268 | 6 115 | +1 153 | ▲ +18,9% |
| 5 | Assist Finance İnvestisiya Şirkəti ASC | 1 500 | 1 558 | -58 | ▼ -3,7% |
| 6 | Unicapital İnvestisiya Şirkəti ASC | 6 313 | 7 270 | -957 | ▼ -13,2% |
| 7 | CPM-İnvest İnvestisiya Şirkəti QSC | 2 621 | 3 283 | -662 | ▼ -20,2% |
| 8 | İnno Kapital İnvestisiya Şirkəti ASC | 1 036 | 1 359 | -323 | ▼ -23,8% |
| 9 | İnvest-Az İnvestisiya Şirkəti QSC | 1 489 | 3 346 | -1 857 | ▼ -2,3 dəfə |
| 10 | ABB İnvest İnvestisiya Şirkəti QSC | 21 809 | 103 833 | -82 024 | ▼ -4,8 dəfə |
| 11 | MFX Trading İnvestisiya Şirkəti | 68 | 329 | -261 | ▼ -4,8 dəfə |
| 12 | CFI Financial İnvestisiya Şirkəti QSC | 89 | 1 851 | -1 762 | ▼ -20,8 dəfə |
| 13 | ASC “Xalq” Bankı | 53 | 0 | – | – |
BFB-nin açıqladığı göstəricilər 2025-ci ilin ilk on ayında əməliyyat aktivliyinin strukturunda mühüm dəyişikliklər baş verdiyini göstərir.
Ən diqqətçəkən artım “Troni İnvestisiya Şirkəti” və “Capital Partners” şirkətlərində olub. Bu şirkətlər 2024-cü illə müqayisədə əməliyyat sayını müvafiq olaraq 170 və 3,8 dəfə artırıblar.
Bazarın ənənəvi liderlərindən olan “PAŞA Kapital” isə əməliyyat sayını 18,9 faiz artıraraq 7 268-ə çatdırıb və ümumi aktivlik baxımından bazar liderləri sırasındakı mövqeyini qoruyub.
Digər tərəfdən, “ABB İnvest”, “Unicapital”, “CPM-İnvest” və “Assist Finance” şirkətlərində əməliyyatların azalması müşahidə olunub. Xüsusilə “ABB İnvest”də göstərici 4,8 dəfə azalıb – 103,8 min əməliyyatdan 21,8 minə geriləyib.
Ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr ayları üzrə əməliyyat sayının dinamikası üzrə liderlik “Troni İnvestisiya”da, əməliyyat həcmi üzrə isə “PAŞA Kapital”da cəmləşib. BFB-nin məlumatları göstərir ki, bazarda bir sıra yeni oyunçuların aktivliyi artarkən, bəzi iri şirkətlərdə əməliyyat həcmi azalsa da, ümumi ticarət dövriyyəsi sabit qalıb.
Fuad Mədətov
Finss.az
