BİRJA

30 Oktyabr

Azərbaycan Fintex Assosiasiyasının yeni İdarə Heyəti seçildi

28 oktyabr 2025-ci il tarixində Azərbaycan Fintex Assosiasiyasının (AzFina) Ümumi Yığıncağı keçirilib.

Finss.az xəbər verir ki, Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə aparılan şəffaf və anonim seçki nəticəsində United Payment MMC-nin Baş İcraçı Direktoru Edqar Abdullayev Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

Edqar Abdullayev maliyyə texnologiyaları sahəsində 18 ildən çox təcrübəyə malikdir və telekommunikasiya, bank və fintex sektorunda strateji layihələrə rəhbərlik edib. United Payment MMC isə ölkədə açıq bankçılıq, elektron pul, ödəniş aqreqasiyası və beynəlxalq rəqəmsal ödənişlərin inkişafında öncül rol oynayır.

Yeni rəhbərlik dövründə AzFina aşağıdakı strateji hədəflərə fokuslanacaq:

  • Fintex şirkətləri ilə Mərkəzi Bank və digər regulyatorlar arasında səmərəli əməkdaşlıq;
  • Assosiasiyanın beynəlxalq nüfuzunun artırılması və qlobal layihələrdə yerli fintex-lərin iştirakı;
  • Üzv bazasının genişləndirilməsi və ölkədə rəqəmsal ödəniş xidmətlərinin inkişafı;
  • KOB-lar üçün innovativ fintex həllərinin təşviqi;
  • İstehlakçılar üçün təhlükəsiz və regulyator tələblərə uyğun məhsulların təqdim olunması.

E.Abdullayev bildirib ki, qarşıdakı dövrdə həm yerli, həm də beynəlxalq platformalarda çevik, şəffaf və innovativ fintex ekosistemi qurmaq əsas prioritetimizdir.

Yeni İdarə Heyəti və Nəzarət-təftiş komissiyası:

  • Sədri: Edqar Abdullayev (United Payment)
  • Sədr müavini: Eynar Abdullayev (GoldenPay)
  • Üzvlər: Zeynal Kərimzadə (Epoint.az), İqbal Rüstəmov (PashaPay), Rasim Həmmədov (Expresspay)
  • Nəzarət-təftiş komissiyası: Mehriban Əlizadə (PulPal), Valeriya Qəniyeva (Max Systems LLC), Murad Mirzə (Akart.az)

AzFina hazırda ölkədə açıq bankçılıq platformasının genişlənməsi, rəqəmsal ödəniş alətlərinin inkişafı və maliyyə inklüzivliyinin artırılması istiqamətində aparıcı sektor platformasına çevrilməkdədir.

Fuad Mədətov
Finss.az