BİRJA

09 İyul

Neft qiymətləri iki həftənin maksimumuna yaxınlaşdı

Finss.az - Çərşənbə günü neft bazarında qiymətlər mülayim artım göstərərək iki həftənin maksimumuna yaxınlaşdı.

London ICE Futures birjasında sentyabr Brent fyuçersləri bareli 70,35 dollara qədər qalxıb, NYMEX birjasında avqust WTI isə 68,58 dollar səviyyəsində ticarət olunur.

Bu artımın əsas səbəblərindən biri ABŞ Energetika Nazirliyinin 2025-ci il üçün Brent neftinin qiymət proqnozunu 65,97 dollardan 68,89 dollara yüksəltməsidir. Nazirlik həmçinin neft hasilatı proqnozunu aşağı salıb, çünki neft istehsalçıları qiymət düşüşləri səbəbindən fəaliyyətlərini yavaşladıb.

Eyni zamanda, Qırmızı dənizdə Yəmən sahillərində husilər tərəfindən yunan yük gəmisinə edilən hücum və tanker operatorlarının riskləri nəzərə alaraq daha uzun marşrutlara üstünlük verməsi enerji daşıyıcılarının qiymətlərini artırır.

BƏƏ-nin Energetika naziri Suheyil əl-Mazrui OPEK+ hasilat kvotalarının artırılması qərarının bazarın ehtiyaclarını qarşılamaq məqsədilə qəbul edildiyini və bazarın sabitliyinin qorunduğunu bildirib.

ABŞ Neft İnstitutu isə keçən həftə ölkə üzrə neft ehtiyatlarının 7,1 milyon barel artdığını açıqlayıb. Analitiklər gələcək ehtiyat dəyişiklikləri ilə bağlı fərqli proqnozlar verir.