BİRJA

04 İyul

Neft qiymətləri zəif enişdə

Finss.az - Bu gün səhər saatlarında dünya neft bazarında qiymətlər zəif eniş göstərir.

Londondakı ICE Futures birjasında Brent markalı sentyabr fyuçerslərinin qiyməti 0,17% azalma ilə bareli 68,68 ABŞ dollarına düşüb. Eyni zamanda, Nyu-York Ticarət Birjasında (NYMEX) WTI neftinin avqust fyuçersləri 0,03% ucuzlaşaraq 66,98 dollara enib.

Bazar iştirakçıları ABŞ-ın əmək bazarına dair son açıqlanan statistik göstəriciləri yaxından izləyir. İyunda ABŞ iqtisadiyyatında yaradılan yeni iş yerlərinin sayı 147 minə çataraq gözləntiləri üstələdi. Ötən ay işsizlik səviyyəsi 4,2%-dən 4,1%-ə enib ki, bu da ekspertlərin proqnozlarından müsbət fərqlənir. Bu göstəricilər ABŞ Federal Rezervinin yaxın vaxtlarda əsas faiz dərəcəsini aşağı salmaq ehtimalını azaldır.

Eyni zamanda, ABŞ prezidenti xüsusi elçisi Stiv Uitkof və İran xarici işlər naziri Abbas Araqçinin gələn həftə Oslo şəhərində İranın nüvə proqramı ilə bağlı danışıqları yenidən başlatmaq üçün görüşməsi gözlənilir. Görüşün dəqiq tarixi hələ müəyyən olunmayıb.

OPEC+ ölkələri isə yaxın həftəsonu keçiriləcək iclasda hasilat kvotalarını avqust ayında gündəlik 411 min barel artırmaq məsələsini müzakirə etməyi planlaşdırır. Bu addım bazarda təklifin artmasına səbəb ola bilər.

Qeyd edək ki, bu gün ABŞ-da Müstəqillik Günü münasibətilə birjalar bağlıdır və qlobal bazarlarda ticarət həcmində azalma müşahidə olunacaq.