BİRJA

25 İyun

Silk Vey Vest-in 10 mln. ABŞ dollarlıq istiqrazları uğurla yerləşdirildi

Finss.az - Bakı Fond Birjasında PAŞA Kapitalın anderrayterliyi ilə Silk Vey Vest Aviaşirkətinə məxsus 10 milyon ABŞ dolları dəyərində istiqrazların II tranşı üzrə yerləşdirilməsi uğurla başa çatıb.

Yerləşdirilmiş istiqrazlar hər biri 1 000 ABŞ dolları nominal dəyərində olmaqla, 3 illik tədavül müddətinə malikdir. Hərracda 53 sifariş daxil olub ki, bunlardan 50-si fiziki, 2-si isə hüquqi şəxslərə məxsusdur. PAŞA Kapital vasitəsilə 49 sifariş yerləşdirilərək ümumilikdə 10,170,481.37 ABŞ dolları həcmində tələbat formalaşıb. Digər investisiya şirkətləri isə 3 sifarişlə 32 000 ABŞ dolları məbləğində iştirak edib.

Hərracın nəticələrinə əsasən, kəsmə qiyməti 1 000 ABŞ dolları (illik gəlirlilik 5.50%), orta çəkili qiymət isə 1 020.25 ABŞ dolları (illik gəlirlilik 4.77%) müəyyən edilib. PAŞA Kapital vasitəsilə istiqrazları əldə edən investorlar rüblük ödəniş əsasında illik 5.5%-dək gəlir əldə edəcəklər.

Silk Vey Vest istiqrazlarının II tranşının yerləşdirilməsi zamanı fiziki şəxslərin fəal iştirakı yerli kapital bazarlarında fərdi investorların marağının artdığını bir daha təsdiqləyib. Bu tendensiya PAŞA Kapitalın həyata keçirdiyi digər uğurlu istiqraz layihələrində də öz əksini tapır.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün 1548 nömrəsi ilə əlaqə saxlamaq və ya //www.pashacapital.az/ saytına daxil olmaq mümkündür.