Finss.az - Avropa fond bazarlarında cümə axşamı keçirilən ticarət sessiyası əsasən enişlə yadda qalıb.
Regionun əsas indeksləri mənfi zonada bağlansa da, Böyük Britaniyanın FTSE 100 indeksi artım nümayiş etdirərək tarixində növbəti rekorda imza atıb.
Stoxx Europe 600 indeksi 0,33% azalaraq 549,84 bəndə düşüb. Almaniyanın DAX indeksi 0,74%, Fransanın CAC 40 indeksi 0,14%, İtaliyanın FTSE MIB indeksi 0,58%, İspaniyanın IBEX 35 indeksi isə 0,32% dəyər itirib. Əksinə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,23% artaraq tarixi maksimuma çatıb.
Artım fonunda diqqət çəkən məqam isə ölkə iqtisadiyyatının zəifləməsi oldu. Rəsmi məlumata görə, Böyük Britaniyada ÜDM apreldə aylıq müqayisədə 0,3% azalıb ki, bu da 2023-cü ilin oktyabrından bəri ən kəskin geriləmədir. Mart ayında iqtisadi artım 0,2% olmuşdu. Analitiklər isə cəmi 0,1%-lik azalma proqnozlaşdırırdılar.
Bəzi ekspertlər bu zəifliyin İngiltərə Bankını faiz dərəcələrini gözləniləndən daha tez azaltmağa təşviq edə biləcəyini bildirirlər.
Sənaye istehsalı da geriləyib – apreldə illik müqayisədə 0,3% azalma müşahidə olunub. Bununla belə, emal sənayesindəki istehsal 0,4% artıb.
ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, yaxın iki həftə ərzində ölkəsinin əsas ticarət tərəfdaşlarına birtərəfli tariflərlə bağlı məktublar göndərəcək. Bu fonda, ABŞ Maliyyə naziri 90 günlük tarif fasiləsinin uzadıla biləcəyinə dair siqnal verib.
Ticarət sessiyasında enerji şirkətlərinin səhmləri yüksəlib: BP – 1,8%, Shell – 1,3%, TotalEnergies – 2,2% artıb. Eni 1,5% bahalaşaraq FTSE MIB-in artım lideri olub.
Tesco-nun səhmləri gəlirlərin artımı fonunda 1,5% bahalaşıb. AstraZeneca və GSK müvafiq olaraq 1,2% və 2% artım göstəriblər.
Digər tərəfdən, Deutsche Telekom (-3,8%), ASML (-2%), Inditex (-1,7%), Siemens (-1%) və SAP (-0,8%) kimi nəhəng şirkətlərin səhmləri ucuzlaşıb.
Fransa birjasında ən çox ucuzlaşanlar arasında Kering (-3,1%), Hermes və Renault (-1,1%) olub. Almaniya və İtaliya bazarlarında isə Vonovia, Zalando, Stellantis, Ferrari N.V. və STMicroelectronics ən çox dəyər itirən şirkətlər sırasındadır.