Finss.az - Qərbi Avropanın aparıcı ölkələrinin fond indeksləri çərşənbə axşamı ticarət gününü artımla başa vurub.
İqtisadi və geosiyasi proseslərə diqqət yönəldən investorlar, həmçinin şirkət hesabatları və statistik məlumatları qiymətləndiriblər.
Avropanın ən iri şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 0,73% artaraq 554,02 bəndə çatıb.
Böyük Britaniyanın FTSE 100 indeksi 0,94%, Almaniyanın DAX indeksi 0,42%, Fransanın CAC 40 indeksi 0,75%, İtaliyanın FTSE MIB indeksi 0,89% və İspaniyanın IBEX 35 indeksi isə 1,59% artım göstərib.
Treyderlərin diqqət mərkəzində Rusiya və Ukrayna arasında mümkün sülh danışıqları ilə bağlı xəbərlər olub. Belə ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bildirib ki, Rusiya Ukrayna ilə atəşkəsi əhatə edən sülh memorandumu üzərində işləməyə hazırdır. Tramp isə bildirib ki, tərəflər dərhal danışıqlara başlayacaqlar.
Bununla yanaşı, Almaniyada istehsalçı qiymətlərinin apreldə illik müqayisədə 0,9% azalması, Danimarka iqtisadiyyatında isə 2025-ci ilin birinci rübündə 0,5% geriləmə qeydə alınması da investorlar tərəfindən izlənilib.
Şirkət səviyyəsində isə bir sıra iri adlar diqqət çəkib. Diploma şirkətinin səhmləri güclü maliyyə nəticələri fonunda 15,1% artıb. Orsted 14,5%, Greggs PLC isə 9,2% dəyər qazanıb. Vodafone, 2 milyard avroluq səhmlərin geri alınması proqramını açıqladıqdan sonra 7,3% bahalaşıb. Eyni məbləğdə buyback proqramı elan edən BMW isə 2,2% artım göstərib.
ABN Amro bankının kapitallaşması 2,7% yüksəlib. Bu, Niderland hökumətinin bankdakı payını 30%-ə endirməsindən sonra baş verib. Artıq dövlət bankın əməliyyatlarında qərarvermə üstünlüyünü itirib.
Equinor şirkətinin səhmləri ABŞ-dan yeni külək parkı layihəsi üçün tikintiyə icazə alması ilə 1,2% artıb. OMV isə baş direktorunun növbəti müddət üçün vəzifəyə namizəd olmayacağını açıqlamasından sonra 0,3% dəyər itirib.
Almaniyanın Fresenius Medical Care (+3,9%), RWE (+3,1%) və Bayer (+2,3%) şirkətləri, Fransanın isə Kering (+4%), Orange (+3,8%) və Michelin (+2,3%) şirkətləri günü ən yüksək artım ilə başa vuranlar sırasında olub.