ABŞ-da kommersiya neft ehtiyatları son dörd həftəlik artımdan sonra daha da yüksələrək 3,454 milyon barel artım göstərib. Beləliklə, ümumi ehtiyatlar 441,830 milyon barelə çatıb.
Finss.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi həftəlik hesabatda məlumat verilib.
Qeyd edək ki, analitiklər ehtiyatların 2 milyon barel azalacağını proqnozlaşdırırdı. Lakin real rəqəmlər gözləntilərin əksinə olaraq artım dinamikasını ortaya qoydu.
ABŞ-da neft ehtiyatlarının səviyyəsi qlobal neft bazarında qiymətlərə birbaşa təsir göstərən mühüm göstəricilərdən biri hesab olunur. Gözlənilməz artım isə "qara qızıl"ın qiymətinə təzyiq yarada bilər.
Fuad Mədətov
Finss.az