Finss.az - 6 may tarixində Qərbi Avropa ölkələrinin fond bazarlarında əsas indekslər əsasən artım nümayiş etdirib.
Bazar iştirakçıları ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdan gələn iclasına fokuslandığı bir vaxtda investor əhval-ruhiyyəsi müsbət qalmaqda davam edir.
Avropanın aparıcı 600 şirkətini əhatə edən Stoxx Europe 600 indeksi 0,16% artaraq 537,31 bəndə çatıb. Almaniyanın DAX indeksi 1,12%, İtaliyanın FTSE MIB indeksi 0,39%, İspaniyanın IBEX 35 isə 0,53% yüksəlib. Əks tendensiya isə Fransada müşahidə olunub – CAC 40 indeksi 0,55% geriləyib.
London Fond Birjası Böyük Britaniyada qeyd olunan birinci may bank tətili səbəbilə fəaliyyət göstərməyib.
ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə bu həftə danışıqlar aparmağı planlaşdırmadığını, lakin Çin məhsullarına tətbiq olunan idxal tariflərinin azaldılması imkanını nəzərdən keçirdiyini bildirib. Eyni zamanda Tramp FED-i bir daha faiz dərəcələrini endirməyə çağırıb. Buna baxmayaraq, CME FedWatch platformasına əsasən bazar iştirakçıları 98,2% ehtimalla FED-in faizləri mayda dəyişməyəcəyini gözləyir.
İspaniyanın Banco Santander bankının səhmləri 0,7% bahalaşıb. Səbəb bankın Polşadakı bölməsinin 49%-ni 6,8 milyard avroya Avstriyanın Erste Group Bank-ına satması ilə bağlıdır. Erste Group-un səhmləri isə 8,7% dəyər qazanıb.
Digər maliyyə institutları olan Unicaja Banco və BBVA-nın da səhmlərində artım müşahidə olunub – müvafiq olaraq 2,5% və 1,8%.
Fransanın peyk operatoru Eutelsat, rəhbər dəyişikliyi ilə gündəmə gəlib. Şirkətin səhmləri 12,5% artaraq, baş direktor vəzifəsinə 1 iyundan etibarən Orange şirkətinin keçmiş rəhbəri Jan-Fransua Fallaşenin təyin ediləcəyi açıqlanıb.
Əks istiqamətdə isə Volvo Car-ın səhmləri 0,9% ucuzlaşıb. Şirkət aprel ayında illik müqayisədə 11% azalma ilə 58 881 avtomobil satdığını bildirib.
Frankfurt birjasında Rheinmetall və Commerzbank səhmləri uyğun olaraq 3,2% və 2,9% artaraq liderlər arasında yer alıb. Parisdə isə Axa və Airbus səhmləri 2%-dən çox bahalaşıb, Kering isə 2,5% dəyər itirib.