Finss.az - 28-30 aprel 2025-ci il tarixlərində “Bakı Fond Birjası”nın (BFB) nümayəndə heyəti Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində London şəhərinə işgüzar səfər edib.
Səfər çərçivəsində BFB-nin nümayəndə heyəti AR Mərkəzi Bankı və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə birgə London Fond Birjasında görüşdə iştirak ediblər. Görüş zamanı tərəflər Azərbaycan şirkətlərinin London Fond Birjasında dual listinqə və xarici kapitala çıxışları imkanlarının araşdırılması və xarici investorların Azərbaycanın kapital bazarları ilə bağlı məlumatlılığını artırmaq məqsədilə London Fond Birjasının data və analitikasında yer alması kimi imkanların müzakirəsi aparılıb. Fond bazarları arasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcud sıx iqtisadi münasibətlərə dəstək verəcək və eyni zamanda yerli şirkətlərin kapital bazarları ilə inkişafında mühüm rol oynayacaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında Azərbaycanın 30-a yaxın dövlət qurumu təmsil olunmuşdur və 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib.
İqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası üzrə Böyük Britaniya ilə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları dəyərləndirilərək, mümkün istiqamətlər müəyyənləşdirilib.

Zemfira Ms
Finss.az