BİRJA

30 Aprel

Qızıla tələbat 16 % artıb

Finss.az - Dünya Qızıl Şurasının (WGC) son hesabatına görə, 2025-ci ilin birinci rübündə qlobal qızıl tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 1310 tona yüksəlib. 

Artım əsasən geosiyasi qeyri-müəyyənliklər, ABŞ-da mümkün tarif riskləri və fond bazarındakı dalğalanmalarla əlaqələndirilir.

Qızılın qiyməti isə rekorda doğru irəliləməkdə davam edir. London Qızıl Bazarları Assosiasiyasının (LBMA) məlumatına əsasən, 2025-ci ilin birinci rübündə bir unsiya üçün orta aylıq qiymət 2860 ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 38% artım deməkdir.

İnvestisiya yönümlü tələbat da kəskin şəkildə artıb. Qızıl ETF-lərinə yatırımlar 552 tona çataraq illik müqayisədə 170% artıb və bu göstərici son üç ilin ən yüksək rüb göstəricisidir. Sikkə və külçə alışı da güclü olub – 325 tonla son beş rüb üzrə orta göstəricidən 15% yüksəkdir. Əsas artım Çinin payına düşür.

Mərkəzi banklar birinci rübdə 244 ton qızıl alaraq ehtiyatlarını artırmağa davam ediblər. Texnoloji sektorda isə süni intellektin tətbiqi nəticəsində elektronika sahəsində tələbat stabilliyini qoruyub saxlayıb.

Bununla belə, zinət əşyalarına olan tələbat rekord qiymətlər fonunda əhəmiyyətli dərəcədə azalıb. Satış həcmi COVID-19 pandemiyası dövründən bu yana ən aşağı səviyyəyə düşsə də, dəyər ifadəsində xərclər 9% artaraq 35 milyard ABŞ dollarına çatıb.