Finss.az - Qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik fonunda qızılın qiymətləri sürətlə artmaqda davam edir.
ABŞ-ın başladığı ticarət müharibəsi, dolların zəifləməsi və geosiyasi risklərin yüksəlməsi fonunda qiymətli metal yeni tarixi maksimumlara çatıb.
Spot bazarda qızılın qiyməti 1,4% artaraq hər unsiya üçün 3373,7 ABŞ dolları səviyyəsinə yüksəlib. Bazar ertəsi səhər saatlarında bu rəqəm 3385 dolları keçərək yeni bir rekord müəyyən edib.
Eyni zamanda ICE birjası tərəfindən hesablanan DXY indeksi – ABŞ dollarının altı əsas dünya valyutası qarşısındakı dəyərini ölçən göstərici – 1%-dən çox enərək son üç ilin ən aşağı səviyyəsinə düşüb.
ABŞ-ın Comex birjasında iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti isə 2,2% artaraq 3401,7 dollara yüksəlib. İlin əvvəlindən bəri qızıl artıq 26%-dən çox bahalaşıb.
Mövzunu şərh edən IG şirkətinin bazar analitiki Yep Jun Ronq bildirib ki, "bazar iştirakçıları ABŞ-ın tarif siyasətinə və mümkün stagflyasiya risklərinə görə geosiyasi riskləri qiymətləndirir. Bundan əlavə, mərkəzi banklardan gələn davamlı tələbat da qızılın qiymətinə dəstək verir".
Bundan başqa, ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sistemi rəhbərinə qarşı sərt çıxışları investorlar arasında narahatlıq yaradaraq, ölkənin mərkəzi bankının müstəqilliyi ilə bağlı suallar doğurur.
Qızıl bazarındakı yüksəlişin davam edə biləcəyi ehtimal olunur. Goldman Sachs analitikləri hesab edirlər ki, 2026-cı ilin ortalarınadək qiymətlərin bir unsiya üçün 4000 ABŞ dollarına qədər yüksəlməsi mümkündür.