BİRJA

06 Fevral

Günün bazar trendləri: Böyüyənlər və dəyər itirənlər

Fins.az - ABŞ fond indeksləri çərşənbə günü ticarət sessiyasını yüksəlişlə başa vurub.

Buna müxtəlif korporativ hesabatlar və iqtisadi statistika təsir edib.

İnvestorlar bu həftə cümə günü açıqlanacaq ABŞ-da yanvar ayı işsizlik statistikasını gözləyir. ADP-nin çərşənbə günü açıqladığı hesabat əmək bazarının davamlılığını təsdiqləyib. Yanvar ayında ABŞ-ın özəl sektorunda iş yerlərinin sayı 183 min artıb ki, bu da analitiklərin 150 minlik proqnozunu üstələyib.

Bununla yanaşı, ABŞ-da xidmət sektorunun biznes aktivliyi indeksi (ISM Services) yanvarda 52,8 bəndə enərək analitiklərin 54,3 bəndlik gözləntilərindən aşağı düşüb.

Şirkət səhmlərində dəyişikliklər

  • Amgen Inc. səhmləri 6,5% bahalaşıb. Biotexnologiya nəhəngi gözləniləndən yüksək mənfəət və gəlir açıqlayıb.
  • Nvidia Corp. səhmləri 5,4% artıb. Şirkətin tərəfdaşı Super Micro Computer Inc. süni intellekt layihələri üçün Nvidia platformasında yeni data mərkəzi istifadəyə verib. Super Micro-nun səhmləri isə 8% yüksəlib.
  • Boeing Co. (+3,2%), Cisco Systems Inc. (+2%), Goldman Sachs Group Inc. (+1,8%) kimi şirkətlər də müsbət dinamika göstərib.
  • Walmart Inc. səhmləri 1,7% artıb. Medianın məlumatına görə, şirkət bəzi korporativ ofislərini bağlamağı planlaşdırır.
  • Alphabet Inc. (-7,3%), Advanced Micro Devices (AMD) (-6,3%)Uber Technologies Inc. (-7,6%) kimi texnologiya nəhənglərinin səhmləri isə ucuzlaşıb. AMD və Uber-in maliyyə göstəriciləri proqnozları üstələsə də, bəzi detallarla bağlı investorlar məyus olub.
  • Tesla Inc. kapitallaşması 3,6% azalıb. Almaniyanın sahə təşkilatının məlumatına görə, yanvarda Tesla-nın Almaniyadakı elektromobil qeydiyyatı 60% düşüb.
  • Workday Inc. 1750 iş yerini ixtisar edəcəyini elan etdikdən sonra səhmləri 6,3% bahalaşıb.

İndekslərin yekun göstəriciləri:

  • Dow Jones Industrial Average 317,24 bənd (+0,71%) artaraq 44873,28 bənd olub.
  • SP 500 23,6 bənd (+0,39%) artaraq 6061,48 bəndə yüksəlib.
  • Nasdaq Composite 38,31 bənd (+0,19%) artaraq 19692,33 bənd təşkil edib.