BİRJA

26 Mart

Mis qiymətləri tarixi rekorda çatdı

Finss.az - ABŞ mis idxalına rüsum tətbiq edilə biləcəyi ilə bağlı narahatlıqlar fonunda Nyu-Yorkdakı Comex birjasında mis fyuçersləri tarixi maksimuma çatıb.

Ticarət zamanı mis fyuçerslərinin qiyməti funt üçün 5,2055 dollar səviyyəsinə yüksəlib. Bu, ilin əvvəlindən bəri təxminən 29%-lik bahalaşma deməkdir.

ABŞ prezidenti Donald Tramp ölkəyə mis idxalının milli təhlükəsizliyə mümkün təhdidini araşdırmaq üçün yoxlama başladıb. Bu araşdırmanın nəticəsi gömrük rüsumlarının tətbiqinə səbəb ola bilər. Belə bir addımın gözlənildiyi bir şəraitdə, Amerika şirkətləri idxalı artırıb, bu da bazarda ajiotajlı tələbat və təklif qıtlığı yaradıb.

Mis qiymətləri London Metal Birjasında (LME) hazırda təxminən 10 min dollar təşkil edir. Bazarda qıtlıq dərinləşərsə, misin qiyməti 12 min dollardan yuxarı qalxa bilər. Mercuria şirkətindən Kostas Bintasın sözlərinə görə, mis bazarında təklif çatışmazlığı davam edir və qiymət artımı qaçılmaz ola bilər.