Finss.az - Saxo Bank-ın əmtəə bazarı strategiyaları şöbəsinin analitiki Ole Hansen qızılın qiymətinin bir unsiya üçün $3000 səviyyəsini keçə biləcəyini proqnozlaşdırır.
Lakin ekspert bildirir ki, bu həddin aşılmasından sonra qiymətlər konsolidasiyaya məruz qala bilər. Onun sözlərinə görə, investorlar mənfəət götürdüyü üçün qızıl $2956 və hətta $2930 dəstək səviyyələrini test edə bilər.
Buna baxmayaraq, Hansen bu cür geriləməni alıcılar üçün fürsət hesab edir və 2025-ci il üçün qızılın qiymətini $3300 səviyyəsində görür. Analitik qızılın bahalaşmasının əsas səbəbləri kimi mərkəzi bankların yüksək tələbatını, qlobal faiz dərəcələrinin enməsini və geosiyasi qeyri-müəyyənliyi göstərir.
Son bir ildə qızılın qiyməti 39%, ilin əvvəlindən isə 14% artıb. Hansen bu artımı "mükəmməl fırtına" adlandırır və bildirir ki, fond bazarındakı düzəlişlər, "Amerika istisnalığı"nın sona çatması və stagflyasiya qorxusu investorları alternativ aktivlərə yönəldib.
Qərbdə qızıla tələbin artmasının səbəblərindən biri kimi ABŞ-da Donald Trampın ticarət müharibəsi siyasətinin bazarlara təsiri göstərilir. Bu fonda SP 500 indeksi təxminən 4% geriləyib.
Analitiklərin fikrincə, investorlar iqtisadi tənəzzül qorxusu səbəbindən yenidən qızıla yönəlirlər. 2022-ci ildə Federal Ehtiyat Sisteminin faiz artımları qızıl investisiyasını bahalaşdırmışdı, lakin hazırda stagflyasiya riski qızılı yenidən cəlbedici edir. Bir çox investisiya fondları səhmlərdən çıxaraq qızıl və xəzinə istiqrazları kimi "təhlükəsiz limanlara" yönəlir.
Bu tendensiyanın yaxın aylarda da davam edəcəyi gözlənilir.