BİRJA

28 Fevral

Trampın kripto dəstəyi bitkoinə tələbi artırır

Finss.az - Donald Tramp ölkəni "kriptovalyuta paytaxtı və bitkoin supergücü" etmək istədiyini bəyan etdikdən sonra investorlar bu kriptovalyutaya daha çox maraq göstərməyə başlayıblar.

Nəticədə bitkoinin qiyməti yüksəlişə keçsə də, indi treyderlər bu tendensiyanın davam edib-etməyəcəyini və qiymətin hansı həddə enə biləcəyini araşdırırlar.

Mütəxəssislərin fikrincə, bitkoin üçün əsas dəstək səviyyəsi 70 000 dollar civarındadır. YouHodler kriptoplatformasının bazarlar şöbəsinin rəhbəri Ruslan Lenxa bildirib ki, bu səviyyəyə eniş yalnız fond bazarlarında mənfi tendensiyalar üstünlük təşkil edərsə mümkün ola bilər.

Qeyd edək ki, Tramp artıq kriptovalyuta sektoru ilə bağlı bir sıra mühüm addımlar atıb. O, kriptovalyuta tərəfdarlarını əsas vəzifələrə təyin edib, həmçinin əvvəlki sədr Qari Genslerin dövründə kriptovalyuta şirkətlərinə qarşı təzyiqlər göstərmiş ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) son həftələrdə bir neçə araşdırmanı bağlayıb.

Maliyyə analitikləri hesab edirlər ki, ABŞ-da seçkilərdən sonra kriptovalyuta siyasətində baş verən dəyişikliklər bu sektorun gələcəyinə ciddi təsir göstərə bilər.