Finss.az - Azərbaycanda qiymətli kağızlar bazarının təkmilləşdirilməsi üçün yeni qanun layihəsi hazırlanır.
Bu barədə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev açıqlama verib.
Onun sözlərinə görə, qiymətli kağızlar bazarı haqqında qanun 2015-ci ildə qəbul edilib. "Bu günə qədər müəyyən dəyişikliklər və əlavələr olub. Ancaq tam olaraq bazarın tələblərinə, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun diaqnostikası aparılır. Hazırda Azərbaycan Mərkəzi Bankı bu işlə məşğuldur. AFBİA-da sırf praktiki olaraq bazarda yaşanan çətinliklər barədə müzakirələr aparılır", – deyə Murad Yəhyayev qeyd edib.
O bildirilib ki, qanunun yenilənməsi qısa zamanlı bir proses deyil və bu mərhələnin tamamlanması təxminən 1 il davam edə bilər. "Ümid edirik ki, maksimum 1-1,5 il ərzində bu proses yekunlaşacaq. Yeni qanunvericilik bazarın inkişafına töhfə verəcək, investorların huquqlarının müdafiəsinə və bizneslərin bu sahəyə marağının artmasına səbəb olacaq", – deyə o əlavə edib.