Milli Depozit Mərkəzi (MDM) Azərbaycanda ilk dəfə səhmdarların ümumi yığıncağının məsafədən keçirilməsi, səhm sahiblərinin onlayn səs verməsi üçün elektron sistemi ("E-vote") istifadəyə verib.
Fins.az bu barədə MDM-ə istinadən xəbər verir.
Məlumata görə, yığıncağın tarixi, yeri və gündəliyi ilə tanışlıq qaydasına dair məlumatlar Mərkəzin yaratdığı İnvestor Portalında (//invp.e-mdm.gov.az/) elektron formada yerləşdirilib. Səhmdarlar şəxsi kabinetlərinə daxil olaraq bu məlumatlara tanış ola, elektron səsvermə imkanından istifadə edə bilər.
Yeni xidmət yığıncaqların məsafədən təşkil edilməsinə, bildirişlərin və gündəlikdəki məsələlərlə bağlı məlumatların vaxtında səhmdarlara çatdırılmasına imkan verir. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə hüquqlarını qoruya, elektron səsvermədə iştirak edə bilər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi, səhmdar hüquqlarının qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"E-vote" MDM-in “2024-2026-cı illər üzrə inkişaf Strategiyası”na uyğun olaraq yaradılıb.
Fuad Mədətov
Fins.az