BİRJA

14 Fevral

MDM-in yeni rəqəmsal həlli ilə depo hesabları sayı 160 minə yaxınlaşır - Ağahüseyn Xudaverdiyev

"MDM-in 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının əsas istiqamətlərindən biri rəqəmsallaşmanın artırılması və bazar iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir."
Finss.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev bu barədə Azərbaycan Maliyyə Forumu çərçivəsində çıxış edərkən deyib.
Onun sözlərinə görə, MDM kapital bazarı ekosisteminin əhəmiyyətli institutu olaraq dayanıqlı infrastrukturun formalaşdırılmasında yeni rəqəmsal həlləri prioritet olaraq müəyyən edib.
O, qeyd edib ki, müştərilər üçün depo hesablarının məsafədən açılması prosesi yeni API arxitekturası vasitəsilə mümkün olub:
"Depo hesablarının açılması üçün yeni arxitektura formalaşdırılıb. Belə ki, API vasitəsilə müştərilərə depo hesabların məsafədən açılması təmin edilib. Bu funksionallıq geniş investor kütləsinə mobil tətbiq vasitəsilə MDM-in depozitar sistemində hesab açmaq imkanı yaradıb."
Bu yenilik sayəsində depo hesablarının sayında ciddi artım müşahidə olunub. 1997-2023-cü illər ərzində MDM-də 121 610 depo hesab mövcud idisə, 2024-cü ilin sonunda bu rəqəm 160 545-ə çatıb. Aktiv depo hesablarının sayı isə 2023-cü ilin sonuna 75 024 olduğu halda, 2024-cü ilin sonunda 105 552 olub.
MDM rəhbəri həmçinin təkrar bazarın inkişafı üçün atılan addımları diqqətə çatdırıb:
"Eyni zamanda, təkrar bazarda ticarəti mümkün edən zəruri infrastruktur istifadəyə verilmişdir. Nəticədə, MDM-in İnvestor portalında və API vasitəsilə investorlar üçün balanslarında olan qiymətli kağızlar barədə məlumatların əldə edilməsi imkanı yaradılmışdır."

Elektron səsvermə və kibertəhlükəsizlik ön plandadır

MDM-in həyata keçirdiyi digər mühüm yeniliklərdən biri səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir.
"MDM bu xidməti ilk dəfə olaraq ölkəmizdə tətbiq edərək, əlçatanlıq səviyyəsinin artırılmasına, səhmdarların hüquqlarının qorunmasına və şəffaflığın artırılmasına töhfə vermişdir", – deyə Ağahüseyn Xudaverdiyev bildirib.
O əlavə edib ki, hazırda emitentlərə və investorlara elektron çıxarışların və onlayn ödənişlərin tətbiqi istiqamətində işlər davam etdirilir.
MDM-in strategiyasına uyğun olaraq, platformaların dayanıqlığı və kibertəhlükəsizlik məsələləri də prioritetlər sırasındadır. Xudaverdiyevin sözlərinə görə, kiber müdafiə sistemlərindən mütəmadi istifadə edilir, veb tətbiqlərin təhlükəsizliyi, imtiyazlı istifadəçilərə nəzarət və kibertəhdidlərin aşkarlanması sistemləri real rejimdə tətbiq edilir.
Bu istiqamətdə MDM Mərkəzi Bank, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti (XRİTDA) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edir.
Bundan əlavə, MDM-in informasiya ehtiyatları "Hökumət buludu"na köçürülüb və ehtiyat mərkəzi yaradılıb.
"Bu tədbirlər çərçivəsində kritik informasiya infrastrukturunun təhlükəsizliyi və fövqəladə hallarda dayanıqlığının təmin edilməsinə xidmət edir", – deyə MDM rəhbəri çıxışını yekunlaşdırıb.

Fuad Mədətov
Finss.az