Fins.az - ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın media şirkətinin səhmləri Nasdaq elektron birjasında nəzərəçarpan artım göstərib.
Bakı vaxtı ilə saat 22:15-də Truth Social sosial şəbəkəsinin sahibi olan Tramp Media Technology Group Corp-un səhmləri 14,44% bahalaşaraq hər birinə 39,3 dollar olub. Yarım saat ərzində artım tempi daha da güclənib və saat 22:25-də qiymət hər səhm üçün 39,57 dollara çatıb, bu da ümumilikdə 15,23% artımı ifadə edir.
Bu tendensiya ABŞ-da keçirilən növbəti ümumi seçkilərlə üst-üstə düşür. Seçkilər çərçivəsində prezidentlə yanaşı Senatın üçdə biri, Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 11 ştat və 2 ərazinin qubernatorları seçiləcək. Prezidentlik uğrunda mübarizədə Respublikaçı namizəd Donald Tramp və hazırkı hakim Demokrat Partiyasından Kamala Harris iştirak edir.
Qeyd edək ki, Donald Tramp 2017-2021-ci illərdə ABŞ-ın 45-ci prezidenti olub. 2020-ci il prezident seçkilərində Demokrat namizəd Co Baydenə məğlub olan Tramp, indi Ağ Evə yenidən qayıtmağa çalışır. Kamala Harris isə 2021-ci ilin yanvar ayından bəri ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edir.