BİRJA

23 Avqust

Dolların zəifləməsi qlobal valyuta bazarında təsirini göstərir

Bu həftə qlobal valyuta bazarında əsas valyutaların ABŞ dollarına qarşı əhəmiyyətli dərəcədə güclənməsi müşahidə olunub.

Fins.az xəbər verir ki, avro dollar qarşısında 1,115 səviyyəsinə qalxaraq 1,5%-dən çox artım göstərib, Britaniya funtu isə 1,8% yüksəlib. Yapon yeni isə ən böyük artımı nümayiş etdirərək 2,45% güclənib. Bu proseslər dolların zəifləməsi fonunda baş verib ki, bu da ABŞ Federal Ehtiyat Sisteminin (FES) pul siyasətinin yumşaldılmasına dair gözləntilərlə əlaqədardır.

FES-in sentyabr ayında əsas faiz dərəcəsini azaltmaq ehtimalı, investorların dollar mövqelərindən çıxmasına səbəb olub. Bununla yanaşı, ABŞ əmək bazarına dair zəif göstəricilər də dolların təzyiq altında qalmasına gətirib çıxarıb. ABŞ Əmək Statistikası Bürosunun yeni məlumatlarına görə, ölkə iqtisadiyyatında iş yerlərinin sayı gözləniləndən 818 min az olub. Bu, ABŞ iqtisadiyyatının gözləniləndən daha tez zəiflədiyini göstərir.

Dolların zəifləməsi fonunda avronun dəyəri yüksələrək EUR/USD məzənnəsinin 1,117 səviyyəsinə çatmasına səbəb olub. Britaniya funtu isə GBP/USD məzənnəsində 1,30 səviyyəsini aşaraq son bir ilin ən yüksək göstəricisini qeydə alıb. Yapon yeni də avqust ayında 145,2 səviyyəsində ticarət edilməklə son iki həftənin minimumuna yaxınlaşıb.

İqtisadiyyatların zəifləmiş göstəriciləri fonunda qlobal valyuta bazarında ticarətin dinamikliyi artır və investorlar diqqətlərini Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayı iclasına yönəldiblər. Növbəti həftələrdə dolların kursunun düzəlişə gedəcəyi və ya zəifləməsinin davam edəcəyi qlobal bazarlarda böyük maraq doğurur.

Vüqar Bağırov
Fins.az