BİRJA

02 Aprel

“Brent” markalı neftin qiyməti 88$-ı ötüb

Londonun “ICE” birjasında məlumatlarına əsasən, “Brent” markalı neftin iyun fyuçerslərinin dəyəri 0.7% artaraq, bir barrel üçün 88.04$ təşkil edib. “Brent” markalı neftin qiyməti 2023-cü il oktyabrın 31-dən bugünə qədər ilk dəfə olaraq bir barrel üçün 88$-ı ötüb.

Fins.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında “WTI” markalı neftin may fyuçerslərinin qiyməti 0.73% artaraq, bir barrel üçün 84.32$-a bərabər olub.

Ekspertlərin fikrincə, bazarlar “OPEC+” razılaşmaları səbəbindən xammal tədarükünün azalacağını ehtimal etdikləri üçün kotirovkalar bir neçə ayın ən yüksək səviyyəsinə qalxıb. Qeyd olunur ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri əvvəllər müəyyən edilmiş neft hasilatının azaldılması müddətini iyunun sonuna qədər uzada bilər. “OPEC+” Monitorinq Komitəsinin (JMMC) toplantısı çərşənbə günü, aprelin 3-də keçiriləcək.

“Brent” markalı neft 2024-cü ilin əvvəlindən bu yana 13%-dən çox bahalaşıb və qiyməti son həftələrdə bir barrel üçün 85$ həddinin üzərində qalır.

Analitiklər düşünürlər ki, "OPEC”-in həyata keçirdiyi neft hasilatının azaldılması prosesi öz təsirini göstərib və qlobal bazarlar ya artıq defisit yaşayırlar, ya da ona keçid mərhələsindədirlər.

“Goldman Sachs” analitiklərinin fikrincə, qiymət artımına Avropada neftə olan sabit tələb də kömək edib. Mart ayında Çində sənaye fəallığının artdığını göstərən məlumatlar da bazarı gücləndirdi və dünyanın ən böyük neft idxalçısında neft istehlakının bərpa olunacağına dair proqnozları gücləndirdi.

“JP Morgan” bankının analitikləri yaxın aylarda neftin bir barrel üzrə qiymətinin 100$-a qədər yüksəlməsi ehtimallarının olduqlarını bildiriblər. Mütəxəssislər, neft tədarükünün azaldılması prosesinin “Brent” markalı neftin qiymətinin aprel ayında bir barrel üçün 90$ səviyyəsinə qədər qaldıra biləcəyini proqnozlaşdırırlar. May ayında qiymət bir barrel üçün 95$-a, sentyabr ayına qədər isə bir barrel üçün 100$ səviyyəsinə yaxınlaşa bilər. Bank hesab edir ki, “OPEC+” ittifaqı iyun ayında keçiriləcək toplantıda neft hasilatına dair məhdudiyyətləri 2024-cü ilin sonuna qədər uzatmaq qərarına gəlsə, “qara qızılın” qiymətlərindəki artım daha da güclənə bilər.

Bundan əlavə, bazara Qəzza zolağında İsrail və “HƏMAS” arasında münaqişənin kəskinləşməsi də təsir edib. Genişlənən münaqişə neft tədarüklərinə ola biləcək təsirlər ilə bağlı narahatlıqları artırır.