“AzerGold” QSC "Bakı Fond Birjası" QSC-də (BFB) 20 milyon ABŞ dolları dəyərində yeni istiqrazlarını yerləşdirməyə hazırlaşır.
Fins.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 dollar olan 200 000 ədəd istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Onların tədavül müddəti, illik gəlirliliyi və faizlərin ödənilməsi tezliyi hələ ki, məlum deyil.
Xatırladaq ki, "AzerGold"un 2020-ci ildə tədavülə buraxdığı 20 milyon dollar dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların tədavül müddəti ötən ilin sentyabr ayında başa çatıb. Nominal dəyəri 100 dollar olan 200 min ədəd istiqrazın yarısı 2020-ci ilin sentyabr ayında, yarısı isə noyabr ayında yerləşdirilib. Onların illik gəlirliliyi 4% olub. Faizlər rüblük ödənilib və bu müddətdə istiqraz sahibləri 2,4 milyon dollar faiz gəlirləri əldə edib. Həm bu məbləğ, həm də əsas vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da, ümumilikdə 22,4 milyon dollar məbləğində vəsaitin investorlar arasında bölüşdürülməsi başa çatdırılıb. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti" QSC olub.
Fuad Mədətov
Fins.az