Xəzər keçidlərini rəqabətli marşruta çevirəcəyik.
Fins.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumunun açılış mərasimində çıxış edərkən bildirib.
"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında fiziki əlaqənin ən mühüm və strateji tərkib hissələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu türk dünyasının iqtisadi inkişafı və rifahı baxımından böyük əhəmiyyət kəsb edir.
Biz ortamüddətli perspektivdə Çin və Türkiyə arasındakı Mərkəzi Dəhliz və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hər il 200-dən çox müntəzəm blok konteyner qatarı istismar etməyi hədəfləyirik. Digər tərəfdən, biz Orta Dəhlizin digər mühüm komponenti olan Xəzər tranzitinin region ölkələri ilə səmərəli və qənaətcil olmasına diqqət yetirdik.
Əminəm ki, birgə səylərimizlə logistika əməliyyatlarında problemlər yaradan yüksək ödənişlər və nizamsız reyslər məsələlərini tez bir zamanda həll edəcəyik və Xəzər keçidlərini arzuladığımız rəqabətli marşruta çevirəcəyik",- deyə nazir bildirib.
Bundan əlavə, türkiyəli nazir onu da vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı alınan qərarları yaxından izləyirlər.