BİRJA

07 Avqust

Amerikadan inflyasiya, İngiltərədən ÜDM göstəriciləri birjalara yön verə bilər

Fins.az xəbər verir ki, birjalar sıx makroiqtisadi məlumatların yaşandığı həftələrdən birini də arxada qoyub.

Qeyd edilib ki, iyul ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı 187 min nəfər artdı, işsizlik səviyyəsi isə 3.5%-ə düşdü. Orta həftəlik iş saatı 34.3-ə düşərkən, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) diqqətlə izlədiyi orta saatlıq qazanclar 0.4% artaraq 33.74$-a yüksəldi.

İyul ayı məşğulluq hesabatını qiymətləndirən ABŞ prezidenti Co Bayden ölkədəki işsizlik nisbətinin rekord aşağı səviyyələrə yaxınlaşdığını ifadə edərək, işlə təmin olunan əmək qabiliyyətli amerikalıların nisbətinin son 20 ilin ən yüksək səviyyədə olduğunu vurğuladı.

Bayden, vəzifəyə gəldiyi gündən bəri 13.4 milyon iş yeri yaratdıqlarına və işsizlik səviyyəsinin son 1.5 ildə 4%-dən aşağı olduğuna diqqət çəkdi.

Analitiklər bildiriblər ki, güclü maaş artımları və işsizlik səviyyəsinin aşağı düşməsi əmək bazarında sıxlığın davam etdiyini göstərir.

Ötən ay ölkə iqtisadiyyatının gözləntilərin altında məşğulluq təmin etdiyini qeyd edən analitiklər, buna baxmayaraq, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətinin sərtləşdirmə dövründə iqtisadiyyatı tənəzzüldən qorumaq üçün kifayət edəcək sürəti qoruduğunu ifadə ediblər.

Ötən həftə həmçinin, Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"-dan "AA+"-a endirib və proqnozu mənfidən sabitə dəyişdi.

FED rəsmilərinin açıqlamalarına gəldikdə isə Atlanta FED sədri Rafael Bostic, Bankın 2024-cü ilə qədər məhdudlaşdırıcı zonada olma ehtimalının yüksək olduğunu bildirib.

ABŞ-da məşğulluq artımlarının müntəzəm olaraq yavaşladığına diqqət çəkən Bostic, daha çox faiz artımına ehtiyac olmadığını müdafiə etdi.

Çikaqo FED sədri Austan Qulsbi də əmək bazarının soyumağa baxmayaraq güclü qaldığını vurğulayaraq, inflyasiyada da ümidverici məlumatların alındığını bildirib.

Qulsbi, “Fitch Ratings”-in ABŞ-ın reytinqini aşağı salmasından da söz açıb və bunun bir fərq yaradacağını düşünmədiyini bildirib.

Ötən həftə 102.89 bənd həddinə kimi yüksələn dollar indeksi, burada müqavimətlə qarşılaşaraq, yenidən 102.00 bənd səviyyəsinə kimi gerilədi və həftəni bu səviyyədə başa vurdu.

Cari həftə ərzində isə Amerikada dərc olunacaq inflyasiya göstəriciləri DXY-da tendensiyanın gedişində həlledici rol oynaya bilər.