Martın 3-də Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilmişdir.
BFB-dən Fins.Az-a verilən məlumata görə, Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.
ASCO sədri Rauf Vəliyev giriş nitqində bildirib ki, istiqrazlardan əldə edilən gəlir Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən sayılan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun inkişafına töhfə verəcək. Buradan daxil olan vəsait şirkətin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. ASCO sədri tədavülə buraxılan istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini də qeyd edib.
Bildirmək istərdik ki, 29 dekabr 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir. Hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan 100 min ədəd istiqrazlar 5 il dövriyyədə olacaq.